“Nəsimi” filmindən sonra sonra yüzlərlə yeni doğulan uşaqlara onun adı qoyuldu”.
Bunu “Repot”a açıqlamasında Azərbaycanın xalq artisti Rasim Balayev deyib.
Onun sözlərinə görə, 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi ilə bağlı təbriklər alır: “Televiziyalardan təkliflər olur, ancaq müəyyən səbəblərə görə imtina edirəm. Ancaq, bu yaxınlarda 30-40 nəfər məni bu münasibətlə təbrik edib. Deyirəm niyə təbrik edirsiniz? Deyirlər Nəsimi deyiləndə siz yada düşürsünüz. Təbii ki, mənim üçün xoşdur. Xatırlayıram Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunurdu. Nəsimidən çox insanlar Nizami Gəncəvini, Məhəmməd Füzuli tanıyırdılar. Ondan sonra müxtəlif tədbilər oldu, kitablar çıxdı, Nəsiminin portreti hazırlandı. “Nəsimi” filmi şairin 600 illiyinə biraz gecikmişdi”.
R.Balayev bildirib ki, Nəsimini hər millət özünə çəkirdi: “O, Türk dünyasının şairidir. Bizim tədqiqatçılarımız sübut etdi ki, Nəsimi azərbaycanlıdır. Həmçinin mən İranda olanda deyirdilər Nizami bizim şairimizdir. Deyirdim, heç olmasa, soyadındakı Gəncəli sözünə diqqət edin. Bu Prezident tərəfindən incəsənətə verilən çox gözəl bir qiymətdir. Nəsimini həm dünyaya, həm də özümüzə tanıtdırmaq üçün bir imkandır. Tək tanıtmaq yox, onun fəlsəfi fikirlərini dünyaya yaymaq lazımdır. Yəqin ki, müxtəlif tədbirlər, elmi konfranslar, seminarlar olacaq, dünyadan mütəxəssislər gələcək. Məni dəvət edərlər gedib kənardan baxaram”.
Xalq artisti qeyd edib ki, indi bir çox insan klassik yazarlarımızı tanımır: “Bizim vaxtımızda fəhləsindən ziyalısına qədər hər şairdən ən azı bir sətir bilirdilər. Bir dəfə verilişə baxırdım. Müxbir xanım şəhərdə şairlərin heykəllərinin yanında dayanaraq camaatdan heykəlin kimə aid olduğunu soruşur. Çox adam Nizami Gəncəvini, Mirzə Ələkbər Sabiri, İmadəddin Nəsimini, Cəlil Məmmədquluzadəni tanımır. Çox təəssüf etdim ki, necə olur bu orta məktəbdə keçirilmir axı? Keçirilirsə necə olur ki, yeni nəsil tanımır? Demirəm hamısı tanımır. Ancaq çox utandırıcı bir şeydir”.