“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Türk.az-a verdiyi məlumata görə,Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.
Yığıncaqda “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti S.M.Mınbayevin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (BTNM) BA HŞB-nin İdarə Heyətinin sədri vəzifəsinə təsdiq edilməsi; “Batumi dəniz limanı” MMC-nin BTNM BA HŞB-nin daimi üzvlüyündən assosiativ üzvlüyünə keçirilməsi; BTNM BA HŞB-nin 2018-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatı; 2019-cu il üçün BTNM marşrutu üzrə daşınma həcmlərinin təsdiq edilməsi; 2019-cu il üçün BTNM marşrutu üzrə təsdiq edilmiş tarif dərəcələrinə dair BTNM İnkişafı üzrə İşçi qrupunun məlumatı; BTNM BA HŞB-nin 2018-ci ildəki maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün audit şirkətinin seçilməsi və təsdiq edilməsi; 2019-ci il üçün BTNM BA HŞB-nin büdcəsinin təsdiq edilməsi; BTNM BA HŞB-nin 2019-cu il üçün marketinq üzrə tədbirlər planının təsdiq edilməsi; BTNM BA HŞB işçilərinin ezamiyyəti haqqında Əsasnamənin və BTNM BA HŞB-nin nümayəndəlik xərcləri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında məsələlər müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun sədrliyi ilə keçən müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutundan səmərəli istifadəsi, dəhlizin potensialından istifadə edilməsinin, bu marşruta yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Bildirilib ki, bu marşrut üzrə daşımaların effektivliyinin artırılması və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensial mövcuddur. Bu dəhlizin daha da inkişaf etdirilməsi üçün iştirakçı ölkələr tərəfindən ardıcıl tədbirlər görülür. BTNM-in rəqabət qabiliyyətinin artırılması istiqamətində ən mühüm nailiyyətlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsidir. Bakı-Tbilisi-Qars dəmir yolu, təkcə Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhvə verməklə, Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artmasına şərait yaradır.
Yığıncaqda qeyd olunub ki, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti İdarə heyətinin sədri Kanat Alpısbayevin başqa işə keçməsi ilə əlaqədar, eyni zamanda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin sədri vəzifəsinədəki səlahiyyətlərinə də xitam verilib. Yığıncaqda “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti İdarə Heyətininn sədri Sauat Mınbayev zamanda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin sədri vəzifəsinə təsdiq edilib.
İki gün davam edən yığıncaqda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti İdarə heyətinin sədr müavini Sanjar Yelyubayev, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri David Peradze, Ukrayna Dəmir Yolları İdarə Heyətinin üzvü Remiqiuş Paşkeviç, Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurt, “Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” SC-nin sədri Abay Turikpenbayev, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovun iştirakı ilə müvafiq protokol imzalanıb.