Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev 20 Yanvar faciəsinin müstəqil Azərbaycan dövlətinin tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldığını bildirib. Sədr müavini şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın bünövrəsinin qoyulduğunu, gələcək nəsillərin də onları böyük ehtiramla xatırlayacaqlanı qeyd edib.
O, Qanlı Yanvar gecəsində Bakıda sovet qoşunlarının törətdiyi qanlı hadisələrin Azərbaycan torpaqlarının bütövlüyü, müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilmiş amansız cinayət olmaqla bərabər, müasir tariximizin qəhrəmanlıq salnamələrindən biri hesab olunduğunu diqqətə çatdırıb.
Həmin hadisələrin canlı şahidi olmuş agentliyin şöbə müdiri, Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev konstitusion hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan vətən övladlarının vəhşicəsinə qətlə yetirildiyini, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsinin yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olduğunu vurğulayıb.
Tədbirdə, həmçinin 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş film nümayiş etdirilib.