Marneuli rayonunda Azərbaycanın görkəmli dövlət xadimi və ədibi Nəriman Nərimanovun adının yaşadılması tələbi ilə aksiya keçirilib.
24news.ge xəbər verir ki, Marneuli Mədəniyyət Evinin qarşısındakı parkda keçirilən tədbirdə fəal gənclər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya təşkilatçılarından olan gənc fəal Azər Məmmədov tədbiri açaraq aksiyanın əsas mahiyyətini izah edib eyni zamanda o, çıxışında Axalkalakidə erməni separatçısına qoyulan büstü pisləyərək xalqın bu hadisədən narahatlığını bir daha dilə gətirib.
Aksiya təşkilatçılarından olan digər gənc fəal Aygül İsayeva çıxışında bildirib ki, bu yaxınlarda İrakli Kveladze adlı şəxs mətbuata açıqlamasında Marneulidə N.Nərimanovun büstünün olduğu parka Merab Kostavanın adının verilməsi ilə bağlı yerli sakinlər arasında imza toplandığı və müraciətin rayon bələdiyyəsinə təqdim edildiyini deyib:
“İrakli Kveladze həmçinin qeyd edib ki, parka Merab Kostavanın adının verilməsindən sonra Nəriman Nərimanovun büstünün yerinin dəyişdirilməsinə də ehtiyac yaranacaq. Biz buna qəti etirazımızı bildiririk və abidənin götürülməsinə heç vaxt yol verməyəcəyik”.
Ziyalılar da çıxışlarında N.Nərimanovun Azərbaycan və Gürcüstandakı böyük xidmətlərindən danışaraq onun adının Gürcüstanda yaşadılması uğrunda mübarizəni yerli azərbaycanlıların mənəvi borcu adlandırıblar. İctimaiyyət nümayəndələri N.Nərimanovun büstünün olduğu parkın abalaşdırılmasına da ehtiyacın olduğunu diqqətə çatdırıblar.
Tədbirdə Marneuli rayon bələdiyyəsinin sədri Amiran Giorqadzeyə ünvanlanmış müraciət oxunub. Sənəddə Mədəniyyət Evinin qarşısındakı parka N.Nərimanovun adının verilməsi, Qızılhacılı kənd ictimai məktəbinə böyük ədibin adının bərpa olunması tələb olunub.
Oda bildirilib ki, ötən il avqustun 6-da Marneuli rayon rəhbərliyinə Mədəniyyət Evinə N.Nərimanovun adının verilməsi ilə bağlı müraciətə hələ cavab verilməyib.
Aksiyanın sonunda bələdiyyə sədrinə ünvanlanmış müraciətə imza toplanıb. Marneuli sakinləri müraciətə tezliklə müsbət cavab veriləcəyinə ümidvar olduqlarını ifadə ediblər.