Heydər Əliyev Sarayı Novruz bayramı günlərində uşaqları maraqlı, musiqili və əyləncəli proqramla sevindirəcək.
Saraydan AZƏRTAC-a bildirilib ki, bu münasibətlə martın 24-də sarayın səhnəsində “Sehrli Novruz” adlı möhtəşəm bayram konserti keçiriləcək.
Hər il olduğu kimi, bu il də Novruzun sevilən personajları Kosa və Keçəl şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, çərşənbələr və digər adət-ənənələr haqda məlumat verəcək, müxtəlif oyunlar keçirəcəklər.
Bundan başqa, uşaqlar Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri, musiqili qonaqların çıxışını və illüziya şousunu izləyə biləcəklər.