4 fevral saat 20:00 radələrində Sumqayıt şəhərində yaşayan Dadaş Zeynalzadənin bir yaşlı qızı Mələyin evdə üzərinə qaynar su tökülməsi nəticəsində ağır yanıq xəsarətləri alıb. Avtosfer.az xəbər verir ki, valideynləri onu şəxsi avtomobilləri ilə xəstəxanaya çatdırmaq istəyərkən maşın Masazır körpüsünün yanında texniki nasazlıq ucbatından dayanıb.
Bu zaman ərazidə xidmət aparan 99 YP 687 dövlət nömrə nişanlı YPX avtomobilində xidmət aparan polis baş serjantı Rövşən Camalova yaxınlaşan Dadaş Zeynalzadə ondan kömək istəyib. Yol polisi əməkdaşı heç bir tərəddüd etmədən ailəni xidməti avtomobilə mindirərək qısa müddətdə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə çatdırıb.
Həkimlərin ilkin müdaxiləsi zamanı uşağın ayağını xilas etmək mümkün olub. Hazırda həkim nəzarəti altındadır.