Bu gün İpoteka və Kredit Zəmanət Fondu ilə “KPMG Azərbaycan” beynəlxalq audit şirkəti tərəfindən birgə yaradılan, qabaqcıl beynəlxalq praktikaya əsaslanan və daha dayanıqlı yeni kredit reytinq sisteminin (kredit reytinqi modeli) təqdimatı keçirilib.
Fonddan “Report”a verilən məlumata görə, təqdimatda Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyi, habelə bankların və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər.
Yeni yaradılan kredit reytinqi modeli ölkə prezidentinin 29 noyabr 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası”na uyğun olaraq hazırlanıb.
Tədbirdə bildirilib ki, kredit risklərinin minimuma endirilməsi məqsədilə yaradılan model sahibkarlıq subyektlərinin ödəmə qabiliyyətinin qiymətləndirilməsi və risk kateqoriyalarının müəyyən edilməsinə imkan yaradacaq. Qiymətləndirmə prosesi maliyyə və qeyri-maliyyə göstəricilərinin təhlili və erkən xəbərdarlıq siqnallarının ölçülməsi vasitəsilə aparılacaq.