Ötən il qaçqın statusu almaq istəyən 376 əcnəbi (ailə üzvləri ilə birlikdə 671 nəfər) Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edib.
Türk.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.
Sənəddə bildirilib ki, onlardan əvvəlki illərdə daxil olmuş müraciətlər də nəzərə alınmaqla, 96 (ailə üzvləri ilə birlikdə 137 nəfər) əcnəbi barədə qaçqın statusunun verilməsi haqqıında vəsatətlərin təmin olunmamasına, 203 (ailə üzvləri ilə birlikdə 409 nəfər) əcnəbi haqqında qaçqın statusu verilməsindən imtina edilməsinə dair qərarlar qəbul edilib.
Bununla yanaşı, 2017-ci ildə müraciət etmiş 1 əcnəbinin, 2018-ci ildə müraciət etmiş 25 əcnəbinin (ailə üzvləri ilə birlikdə 39 nəfər) şəxsi işləri ötən il öz ərizələrinə əsasən bağlanıb.
Eyni zamanda, hesabat dövründə əvvəllər qaçqın statusu almış 3 nəfərin (1 ərizəçi və 2 ailə üzvü) qaçqın statusunun itirməsi barədə Komissiya tərəfindən müvafiq qərarlar qəbul edilib.
Hesabatda qeyd olunub ki, ötən il 4 ərizəçiyə (ailə üzvləri ilə birlikdə 14 nəfər) qaçqın statusu verilib. 79 ərizəçinin (ailə üzvləri ilə birlikdə 149 nəfər) vəsatəti isə icraatdadır. Hazırda 3-cü ölkə vətəndaşlarından qaçqın statusu almış 47 şəxs (ailə üzvləri ilə birlikdə 78 nəıfər) DMX-də qeydiyyatdadır.
Hesabata bildirilib ki, 2018-ci il dekabrın 31-də ölkədə olan və ya yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 104 908 nəfər təşkil edib.
Onlardan 60 388-i olduğu yer üzrə qeydiyyat, 61-i müvəqqəti olma müddətinin uzadılması, 33 036-sı müvəqqəti yaşamaq üçün icazə, 11 345-i daimi yaşamaq üçün icazə, 78-i isə qaçqın statusu əsasında ölkə ərazisində yaşayırlar.
Eyni zamanda, ötən il ölkə ərazisini tərk etmələri və ölkədən kənara çıxarılmaları təmin olunmuş əcnəbilərin sayı 16 340, ölkə ərazisində yaşamaları qanuniləşdirilmiş əcnəbilərin sayı 2311, tətbiq olunmuş inzibati tənbeh tədbiri əsasıənda inzibati cərimə ödəyən şəxslərin sayı (əcnəbilər və ya ölkə vətəndaşları) 13 837 olub.