“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Türk.az-a verdiyi məlumata görə, Avstriyanın paytaxtı Vyanada keçirilən“Beynəlxalq Dəmir Yolu Konqresi 2019” Avrasiya marşrutunun mövcud nəqliyyat dəhlizləri çərçivəsində rəqəmsal texnologiyalardan və tranzit potensialından istifadə edərək beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması problemlərinə həsr olunur.
Konqresdə “Bir kəmər, bir yol: Beynəlxalq əməkdaşlığın inkişafı”, “İnvestisiyaların cəlb edilməsi yolu: Nəqliyyat layihə infrastrukturunun maliyyələşdirilməsinin qlobal transformasiyası”, “Rəqəmsal dəmir yolları və ağıllı infrastruktur: rəqəmsallaşdırma, standartlaşdırma və miqyaslama”, “Nəqliyyatinfrastrukturununinkişafındasinerjivəmiqyaseffekti”, “Sərhədləri aşaraq: beynəlxalq əməkdaşlıq, standartlaşdırma və miqyaslama”, “Çeviklik və gələcəyin logistika mərkəzləri” sessiyaları çərçivəsində gömrük maneələrinin azaldılması yolları, həmçinin Avropa və Asiya arasında dəmir yolu nəqliyyatının fəaliyyətini tənzimləyən hüquqi və texniki qaydaların uyğunlaşdırılması məsələləri müzakirə edilir.
Forumda Rusiya Federasiyasının nəqliyyat naziri Yevgeni Ditrix, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov,”Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov, Polşa Dövlət Dəmir Yolunun rəisi Kşiştof Maminski, “Avstriya Federal Dəmir Yolları”nın baş direktoru Andreas Matte, Belarus Dəmir Yollarının rəisi Vladimir Morozov, İsveçrə Dəmir Yollarının baş direktoru Andreas Meyer, Slovakiya Dəmir Yollarının baş direktoru Yuray Tkaç, eləcə də “enli” və “ensiz” izlərə malik dövlətlərin milli dəmir yolu şirkətlərinin, ixtisaslaşdırılmış beynəlxalq təşkilatlarının və beynəlxalq bank sektorlarınınrəhbərləri iştirak edirlər.
“Beynəlxalq Dəmir Yolu Konqresi 2019” 1520 mm və 1435 mm izli dəmir yolları məkanındakı milli dəmir yolu şirkətləri rəhbərlərinin görüşməsi üçün ən iri iş platformasdır. Konqresə dəvət edilmiş şirkətlər Avrasiya marşrutunda daşımalar həcminin artımına və Şərqlə Qərb arasında dəmir yolu dəhlizinin davamlı inkişafına töhvə verməkdədirlər.
Konqres dövlət-özəl tərəfdaşlığın ən yaxşı təcrübələrinə əsaslanaraq, nəqliyyat infrastrukturunun modernləşdirilməsinə, quruda daşıma xərclərinin azaldılmasına, həmçinin 1520 mm və 1435 mm izli dəmir yolu məkanındakı qarşılıqlı əlaqələrin standartlaşdırmasına və intensivləşdirilməsinə yönəlmiş sistemli həllərin tapılmasına istiqamətlənib.