Nazirlik: 211 nəfəri aldadan “ELİV” işədüzəltmə şirkətinin əməkdaşları saxlanılıblar

 

Daxili işlər orqanları tərəfindən vətəndaşların etibarından sui-istifadə etməklə, aldatma yolu ilə onların əmlakının ələ keçirilməsi hallarına qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu ilin mart ayının əvvəllərində bir qrup şəxs paytaxtda fəaliyyət göstərən “ELİV” işədüzəltmə şirkətinin məsul əməkdaşları tərəfindən aldadılaraq onlara məxsus külli miqdarda pul vəsaitinin ələ keçirilməsi barədə polis orqanlarına ərizələr verərək, adıçəkilən firma rəhbərlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmalarını, onlara dəymiş ziyanın ödətdirilməsinə köməklik göstərilməsini xahiş edib.

Həmin müraciətlər əsasında vətəndaşların aldadılaraq pullarının dələduzluq yoluyla ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Polis əməkdaşları tərəfindən təxirəsalınmadan həyata keçirilən tədbirlərlə qeyd olunan cinayətin Bakı şəhər sakini Məcid Məcidovunun təşkilatçılığı ilə mütəşəkkil qrup tərəfindən törədilməsi müəyyən edilib. O, həmçinin, cinayətkar dəstənin digər üzvləri-paytaxt sakinləri Elvin Məhərrəmov və Ceyhun Qələbəyov polis tərəfindən saxlanılıb və onlara ittiham elan olunub.

Bakı şəhər Baş Polis İdarəsində aparılan istintaq prosesində hələlik 211 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və hazırda onlara dəymiş maddi ziyanın ödətdirilməsi ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bir daha vətəndaşlara müraciət edərək belə şirnikləndirici və ya şübhəli təkliflərlə, elanlarla rastlaşdıqları zaman bu barədə ilk növbədə hüquq-mühafizə, o cümlədən ərazi polis orqanlarına, Daxili İşlər Naziliyinin “102-Zəng Mərkəzi” Xidmətinə məlumat vermələrini tövsiyə edirik.

ƏvvəlkiÇılpaq videoları yayılan qızların “məclis”i harada olub? – Şok təfərrüat
NövbətiAzərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının taktiki-xüsusi məşğələləri keçirilib – VİDEO