Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan şagird Yelena Hacıyeva xəstəxanada dünyasını dəyişib.
Bu barədə “Report”a mərhumun anası Sevil Hüseynova məlumat verib.
Səhiyyə Nazirliyi də “Report”a faktı təsdiqləyib.
Qeyd olunub ki, müştərək kəllə-beyin travması, döş qəfəsi və qarının küt travması, hər iki ağciyərin əzilməsi, sağ 4-cü qabırğanın sınığı, 5-ci döş fəqərəsinin kompressiv sınığı, 9,10 və 11-ci döş fəqərələrinin hündürlük səviyyələrinin azalması, çanaqların sınığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralı bu gün travmatik spinal şok keçirərək ölüb.
Xatırladaq ki, aprelin 4-də Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Yelena Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.