2019-cu ilin yanvar-mart aylarında Azexport.az portalına 178,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Report xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin aprel ayı üçün olan sayında göstərilib.
Bu ilin mart ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 32,8 milyon ABŞ dolları təşkil edib. Mart ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (11,5%), Türkiyə (9,9%), ABŞ (7%), Hindistan (6,6%) və Gürcüstan (5,3%) qərarlaşıb.
Cari ilin mart ayında ən çox ixrac sifarişi pambıq lifi, pambıq yağı, soğan, tütün, şərab, nar şirəsi, çay, qənnadı məhsulları, konservləşdirilmiş tərəvəz, kosmetik vasitə, gül, fındıq, tikinti materialı, mühərrik yağı, dondurulmuş toyuq əti, biyan kökü və s. mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 mart tarixinə kimi (27 ay ərzində) Azexport.az portalına dünyanın 126 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 167,5 milyon ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, bu ilin aprel ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 9,9 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar-aprel ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 30,5 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.