Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda işgüzar səfərdə olan Monteneqronun daxili işlər naziri Mevludin Nuhodjiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, nazir dövlət başçılarının, habelə yüksək səviyyəli nümayəndə heyətlərinin, eləcə də vətəndaşların qarşılıqlı səfər və ziyarətlərinin Azərbaycanla Monteneqro arasında olan sıx əməkdaşlığın və qarşılıqlı etimadın daha da genişləndirilməsinə təkan verdiyini məmnunluqla qeyd edib.
Sonra nazir DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, mövcud kriminogen durum, daxili işlər orqanlarında həyata keçirilən islahatlar, insan hüquqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində görülən işlər barədə həmkarına qısa məlumat verib.
Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən M.Nuhodjiçin Azərbaycan-Monteneqro arasındakı əlaqələrin son illər bütün sahələrdə inkişaf etməsindən, Azərbaycanda yaradılmış sabitlik və əmin-amanlıqdan, respublikamızın, onun paytaxtının dünyanın ən təhlükəsiz dövlətlərindən və şəhərlərindən biri olmasından, burada həyata keçirilən geniş quruculuq işlərindən məmnunluğunu ifadə edib.
O, yaxın dost və tərəfdaş saydıqları Azərbaycan Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəklərini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.