Son illərdə Bakıda yol təsərrüfatı inkişaf etdirilir, körpülər tikilir, yol qovşaqları qurulur. Təbii ki, hazırda da bu iş davam edir, bir çox prospekt və küçələr, bina və parkların müasir şəkildə əsaslı yenidənqurma və təmir-bərpa edilməsi, abadlaşdırılması işləri aparılır. Həmçinin küçə boyunca piyadaların sərbəst keçidi üçün işıqforlar quraşdırılır, müasir işıq dirəkləri qoyulur. Bütün bu yeniliklərlə yanaşı, Bakının küçə və yollarının işıqlandırılmasında problemlər qalmaqdadır. Əsasən ətraf rayon və qəsəbələrdə küçələr axşam düşən kimi zülmətə qərq olur.
“Report”un çəkiliş qrupunun apardığı araşdırmaya görə, bəzən mərkəzi küçələrdə, əksər hallarda isə mərkəzi hissələrdən kənarda, əsasən Binəqədi, Əhmədli, Yeni Günəşli, Bakıxanov və digər qəsəbələrdə küçə fənərlərindən istifadə edilmir.
Adətən belə addımın qənaət məqsədi daşıdığı güman edilsə də, bu amil həm də bir tərəfdən həmin ərazilərdə cinayət hadisələrinin, piyada ölümü, yol-nəqliyyatı hadisələrinin, xüsusilə də soyğunçuluq hallarının yaşanmasına rəvac verir. Dünyanın inkişaf etmiş şəhərlərində, xüsusən şəhər mərkəzindən kənar qəsəbələrin işıqlandırılması, həmin ərazilərdə elektrik dirəkləri və digər işıqlandırma vasitələrinin bərabər paylanması kimi amillərə xüsusi diqqət yetirilir.
Şəhər sakinlərinin, o cümlədən sürücülərin ən çox şikayət etdiyi hallardan biri də küçələrin işıqlandırılmaması ilə bağlıdır. Sürücülərin əksəriyyəti “Report”a müsahibələrində bildiriblər ki, yollar;n işıqlandırılmaması piyada vurulmasına və ya digər qəzalara gətirib çıxarır. Onların sözlərinə görə, aidiyyatı qurumlar bu problemə ciddi yanaşmalıdırlar ki, hər şey sürücünün üzərində qalmasın.
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı “Report”a açıqlamasında deyib ki, piyadaların vurulması halları daha çox gecələr müşahidə edilir, nəinki günün birinci yarısında. Bunun da səbəbləri var. Çünki gündüz vaxtı şəhər küçələrində sıxlıq olur. O xatırladıb ki, ötən il ölkə prezidenti “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Məqsəd isə ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir.
Yol həm də mədəniyyət olduğundan mədəniyyətin işıqlı olması son dərəcə vacibdir. İşıqların olmaması bir maneədir.
Müxbir: Orxan Rasifoğlu. Video: Ramin Şahbazov, Peyman Əlizadə