“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) arasında yayım və tərəfdaşlıq sazişi imzalanıb.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın “Report”a verdiyi məlumata görə, müqaviləni AzTV-nin sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədov və “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov imzalayıblar.
Sazişə əsasən, oyunların audio və video çəkiliş materiallarını yayımlamaq və istifadə etmək hüququ AzTV-yə məxsusdur. Bu səbəblə, “Bakı-2019” yarışları 7 gün ərzində AzTV kanalında nümayiş olunacaq. O cümlədən, festivalın Açılış və Bağlanış mərasimləri, bütün yarışların final mərhələsi və təltifetmə mərasimləri nümayiş etdiriləcək.
Bundan əlavə, sazişə əsasən, TV üzərindən bütün canlı audio və video görüntülər “açıq yayım” vasitəsilə həyata keçiriləcək və beləliklə, insanlar dünyanın istənilən bölgəsində televiziyalarının tezliyini tənzimləməklə festivalı izləmək imkanını əldə edə biləcəklər.
AzTV-nin Azərbaycan xalqı üçün milli televiziya və radio kanalı olduğunu qeyd edən Elçin Səfərov bildirib ki, bütün ölkəmizin bu tədbirin keçirilməsini və idmançılarımızı dəstəkləməsi çox sevindiricidir. Qeyd edib ki, əməkdaşlıq sayəsində artıq dünyanın istənilən nöqtəsindən festivalı izləmək mümkün olacaq.
“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin korporativ direktoru onu da bildirib ki, gələn idmançıların sayı onu sübut edir ki, Avropa ölkələri Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin səviyyəsindən razıdır və Bakı onlar üçün əsl idman mərkəzidir.
AzTV-nin sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədov bildirib ki, AzTV Azərbaycan üçün 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı kimi mühüm bir tarixi hadisəni yayımlayacağı üçün çox məmnundur. Onun sözlərinə görə, bu cür böyük hadisənin yüksək səviyyədə yayımlanması üçün AzTV bütün resurslarından istifadə edəcək.
Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.