Nazir: “Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 88%-dən çoxu Azərbaycanın payına düşür”

İqtisadiyyat naziri Şahin Mustafayev Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Radik Vondraçekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, Ş. Mustafayev Azərbaycanın Çexiya ilə əlaqələrə önəm verdiyini, ölkələrimiz arasında əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı əldə edilmiş razılaşmaların mühüm əhəmiyyətini qeyd edib. Bildirilib ki, Azərbaycan və Çexiya siyasi, iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edir. Ölkələrimiz arasında 2015-ci ildə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb, möhkəm müqavilə-hüquq bazası yaradılıb. Hər iki ölkənin parlamentlərində qarşılıqlı əməkdaşlıq üzrə dostluq qrupları fəaliyyət göstərir. Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın fəaliyyəti ikitərəfli əlaqələrin inkişafında önəmlidir.

Hazırda Azərbaycanda xidmət, rabitə, ticarət, tikinti və s. sahələrdə 26 çex kapitallı şirkət fəaliyyət göstərir. Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 88%-dən çoxu Azərbaycanın payına düşür. Ölkələrimiz maşınqayırma, maliyyə, ticarət və qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıq edirlər. Əczaçılıq, maşınqayırma, kimya sənayesi, nəqliyyat və tranzit, turizm, İKT sahələrində əməkdaşlıq imkanları genişdir.

Görüşdə qeyd olunub ki, Azərbaycan və Çexiya arasında əlaqələr humanitar sahədə də inkişaf edir, Bakı Slavyan Universitetində Çexiya dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir.

R. Vondraçek Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini yüksək qiymətləndirdiyini və ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb, Çexiya və Azərbaycan arasında əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb. R. Vondraçek bu gün keçirilmiş Azərbaycan-Çexiya biznes forumunun ikitərəfli iqtisadi əlaqələrə töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən faydalanaraq birgə müəssisələrin yaradılması, ticarət əlaqələrində qeyri-neft sektorunun payının artırılması və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

ƏvvəlkiBakıda Arif Məlikovun heykəli ucaldılacaq – SƏRƏNCAM
NövbətiMİLLİ QƏHRƏMAN ŞAHLAR ŞÜKÜROVA HƏSR OLUNMUŞ “BİR ELIN ŞAHLARI” FİLMİNİN NÜMAYİŞİ KEÇİRİLİB (FOTOLAR}