“ULDUZ” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi “İnternetin zərərli vərdişlərindən gənclərin qorunması məqsədilə veb resursun yaradılması” layihəsinin icrasına başlamışdır.
Layihə çərçivəsində yaradılacaq veb resursda kibertəhdidlərin növləri barədə ətraflı məlumat veriləcək və bu təhdidlərdən qorunma metodları izah ediləcəkdir. Layihənin icrası zamanı vətəndaşlarımız spam, fişinq, DDOS, sosial mühəndislik, hack hücumları və eləcədə valideyn nəzarəti barədə məlumatlandırılacaq, yaranmış kiberhücumlar zamanı və hücumdan sonra görüləcək təxirə salınmaz tədbirlər barədə məlumat veriləcəkdir.
Dünya üzrə verilən statistikalardan görünür ki, uşaqlar internetdə daha çox yəni 45 % pornoqrafik veb resurslarla, 40% pedofillərlə, 15 % isə tanımadıqları adamlarla rastlaşırlar ki, sonradan onlara həmin şəxslər tərəfindən görüş təyin olunur. Yaxud tanımadıqları səxslər uşaqların vasitəsilə asanlıqla ailəyə məxsus məlumatları ələ keçirirlər. Təhlükəli “Mavi balina” oyunu keçən il ərzində 130 nəfər uşağı intihara təhrik etmişdir. İnternetdə bu tip oyunlar çoxluq təşkil edir. Bu oyunlardan başqa aqressivliyi təbliğ edən oyunlar da mövcuddur ki, bu oyunların iştirakçılarında psixoloji pozğunluqlar yaranır.
Axtarış sistemlərindən istifadə edərkən uşaqlar təhlükəli informasiyalarla məsələn, qumar, zorakılıq, pornoqrafiya tipli məlumatlarla rastlaşa bilərlər.
İnternet şəbəkəsinin sürətlə böyüməsi və bir sıra insanlarda asan varlanmaq üsullarından yararlanmaq cəhdləri problemin daha da kəskinləşməsinə gətirib çıxarır. Dünyada daha çox insan qanunsuz yollarla öz gəlirlərini artırmaq məqsədi ilə aktiv olaraq internetdən istifadə edirlər.
Kiberhücumlardan qorunma üsulları kimi çətin şifrə sistemindən yararlanma, lisenziyalı proqramlardan istifadə, antivirus sisteminin düzgün qurulması, sistemlərin və antivirus yenilənmələrinin vaxtaşırı internetdən yüklənilməsi kimi metodların faydalarından danışılacaqdır. İstifadəçilərin internet şəbəkəsində kənar müdaxilələrdən müdafiə olunması metodları geniş müzakirə ediləcəkdir. Valideynlərə uşaqlarını internet təhlükələrdən qorumaq üçün üsullar və lazım olan müdafiə sistemləri, proqramları barədə ətraflı məlumatlar veriləcəkdir.
“ULDUZ” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində
Maarifləndirmə İctimai Birliyi