Azərbaycan ərazisində üzümçülük və şərabçılıq tarixini əks etdirən şərabçılıq muzeyi açılıb
“Abrau-Durso” Şirkətlər Qrupu Azərbaycanda özünün investisiya fəaliyyətinin nəticələrini nümayiş etdirib – modernləşdirilmiş “Şəki Şərab” zavodunun rəsmi açılışını edib və köpüklənən şərabların süzülməsinin ən yeni xəttini təqdim edib. İstehsalı rəsmi olaraq Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov və “Abrau-Durso” ŞQ-nin sahibi Boris Titov işə salıblar. İnvestor regionda enoturizmin inkişafının mühüm rol oynadığını qeyd edib – müəssisədə “Az Abrau Muzeyi” açılıb, Azərbaycan ərazisində üzümçülük və şərabçılıq tarixini əks etdirən ekspozisiya təqdim olunub.
AZƏRTAC xəbər verir ki, “Abrau-Durso” ŞQ Azərbaycanda investisiya layihəsini 2021-ci ilin sonunda elan edib. Həmin vaxt qrup “Şəki Şərab” şərab zavodunun özəlləşdirilməsi üzrə müsabiqənin qalibi olub. Ötən dövr ərzində “Abrau-Durso” tərəfindən böyük həcmdə işlər görülüb: istehsal prosesi modernləşdirilib, köpüklənən şərabın istehsalı və süzülməsi üçün avadanlıq alınıb və quraşdırılıb, üzüm bağlarının salınması üçün ümumilikdə 430 hektar torpaq sahəsi alınıb, meynələrin əkilməsi üçün hazırlıq işləri görülüb.
İyunun 9-da “Şəki Şərab” zavodunda köpüklənən şərab istehsalının saatda 4000 butulka istehsal gücü ilə ən yeni xətti işə salınıb. Süzülən ilk şərab “Abrau International” Azərbaycan ərazisində yetişdirilən yerli və beynəlxalq üzüm sortlarından hazırlanan köpüklənən şərabdır. Köpüklənən şərab həm ölkə ərazisində satışa çıxarılacaq, həm də digər ölkələrə ixrac olunacaq.
Müəssisənin ərazisində unikal şərab muzeyi – “Az Abrau Muzeyi” açılıb, Azərbaycanda zəngin üzümçülük və şərabçılıq mədəniyyətinin tarixini əks etdirən ekspozisiya təqdim olunub. Muzey öz qonaqları üçün fəaliyyət göstərən müəssisəni ziyarət etmək və şərab istehsalı prosesi ilə tanış olmaq imkanı yaradacaq. “Az Abrau Muzeyi” bu regiona səfərlər üçün mühüm cəlbedici mərkəzə və öz tarixi ilə məşhur olan Şəkidə turistlərin görməli olduğu əsas məkana çevriləcək.
“Üzümçülük və şərabçılıq Azərbaycan iqtisadiyyatının mühüm inkişaf istiqamətləridir. Ölkəmizin şərabçılıq ənənələrinin 100 ildən çox yaşı var, lakin sahənin inkişafı, bu il Azərbaycanda və onun hüdudlarından kənarda anadan olmasının 100 illiyi geniş qeyd olunan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-ci illərində xüsusilə geniş vüsət alıb. Bu gün “Abrau-Durso” kimi bu cür bilik və təcrübəyə malik olan investorun cəlb edilməsi müəssisəni yeni səviyyəyə yüksəldir. Regiona həm daxili, həm də xarici turistləri cəlb edən turizm infrastrukturunun inkişafına da diqqət yetirilməsi sevindirici haldır”, – deyə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib.
“Biz “Şəki Şərab” zavodunun özəlləşdirilməsi üzrə müsabiqədə qalib olandan indiyədək böyük işlər görmüşük. Bu gün “Abrau-Durso” ŞQ ilkin olaraq təyin edilmiş investisiya məbləğlərini üstələyərək öz öhdəliklərini tam şəkildə yerinə yetirib. Qrup tərəfindən müəssisəyə, resurs bazasına və infrastruktura yatırılan vəsaitlərin ümumi həcmi 6,6 milyon avro təşkil edib. “Abru-Durso” gələcəkdə Azərbaycan ərazisində, ilk növbədə, burada istehsal olunan şərabların marketinqinə və “1870 Abrau Durso” qastronomiya layihəsinin inkişaf etdirilməsinə diqqət yönəldəcək”, – deyə “Abrau-Durso” ŞQ-nin əsas səhmdarı Boris Titov qeyd edib.
“Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi bizim qarşımızda duran əsas vəzifələrdən biridir. Biz çox şadıq ki, “Abrau-Durso” Azərbaycanda öz biznes fəaliyyətini genişləndirməyə qərar verib və şərabçılıq zavodu açıb. Əminəm ki, bu şirkətin təcrübə və vərdişləri bizə yeni zirvələrə çatmaq və beynəlxalq bazarlarda şərabçılıq məhsullarımızı uğurla təqdim etmək imkanı yaradacaq”, – deyə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev qeyd edib.
Tədbirdə, həmçinin Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Yalçın Adıgözəlov, tanınmış yazıçı Çingiz Abdullayev və digər şəxslər iştirak edib. Tədbirin xüsusi qonağı Rusiyanın məşhur teatr və kino aktyoru Leonid Yarmolnik olub.
Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu altında Qara Qarayev adına Dövlət Kamera Orkestrinin və Azərbaycanın unikal “Odlar Yurdu” folklor rəqs ansamblının çıxış etdiyi musiqi proqramı qonaqlara təqdim olunub. Xüsusi olaraq Krasnodar diyarından bu tədbirə təşrif buyurmuş “Kumovya” folk-kvarteti qonaqları Rusiyanın cənubunun musiqi ənənələri ilə tanış edib.
Arayış:
“Abrau-Durso” ŞQ-nin Azərbaycanda əldə etdiyi üzümçülük üçün yararlı torpaqların böyük hissəsi Qarabağ iqtisadi zonasının Füzuli rayonunda yerləşir. Burada yerli “mədrəsə” və beynəlxalq “rkatsiteli” sortları əkilib. Hazırda mövcud olan üzüm bağlarının ümumi sahəsi 100 hektar təşkil edir, gələcəkdə əlavə olaraq 300 hektar sahədə də üzüm bağlarının salınması nəzərdə tutulur. Eləcə də Şəki rayonunda şərab zavodunun bilavasitə yaxınlığında yerləşən 30 hektarlıq ikinci sahədə Azərbaycanın “mədrəsə” və “bayanşirə” adlı məşhur üzüm sortlarının əkilməsi planlaşdırılır.
Bu gün “Şəki Şərab”ın ərazisində Azərbaycanın unikal üzüm sortlarından “Az Abrau” brendi altında şərablar, “Abrau” kolleksiyasının qarışıq şərabları, habelə, yerli amilləri və xüsusiyyətləri özündə əks etdirən əfsanəvi “Ağdam” portveyni, bu gün isə həm də “Abrau International” şərabı istehsal olunur.
İnvestisiya layihəsi Azərbaycan Respublikasının İxracın və investisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə həyata keçirilib. Başladığı andan “Abrau-Durso” ŞQ məhsullarını uğurla Azərbaycana idxal etməyə başlayıb: bu gün köpüklənən və köpüklənməyən ən yaxşı şərablar “Bravo”, “Araz”, “Qurmaniya” və digər əsas ticarət şəbəkələrində, habelə ölkənin aparıcı restoranlarında müştərilərə təqdim olunub. İxrac satışları da fəal şəkildə artmaqdadır: 2021-ci ildən bəri tədarükün həcmi 1,5 milyon butulkadan çox olmuşdur – hazırda “Az Abrau” Azərbaycandan Rusiyaya şərabın ən iri ixracatçısına çevrilib.
Gələcəkdə “Abrau-Durso”nun Azərbaycan ərazisində fəaliyyətinin mühüm bir istiqaməti onun “1870 Abrau-Durso” qastronomiya layihəsi olacaq. Restoranın konsepsiyası qonaqlara köpüklənməyən və köpüklənən “Abrau-Durso” şərabları ilə birlikdə Rusiyanın cənubunun qastronomiya ənənələrini yaradıcı şəkildə dəyərləndirmək imkanını verəcək. Restoranın təqdim etdiyi şərabların siyahısında “Abrau-Durso”, “Az Abrau” və digər şərab zavodlarının mükəmməl şərabları pərakəndə satış qiyməti ilə əlçatandır. Layihənin mühüm bir özəlliyi – qonaqların xoşladıqları şərabı ala biləcəkləri geniş çeşidli mağazadır. Bu gün “1870 Abrau-Durso” restoranları Rusiyanın müxtəlif şəhərlərində – Abrau-Dürso, Moskva, Novorossiysk, Gəlincik və Rostov-na-Donuda, həm də artıq Bakıda, Nizami küçəsi 48 ünvanında uğurla fəaliyyət göstərir.
“Abrau-Durso” Rusiyanın köpüklənən və köpüklənməyən şərablarının aparıcı istehsalçısıdır. “Abrau-Durso”nun xüsusi mülkü 1870-ci ildə imperator II Aleksandrın fərmanı ilə yaradılıb. “Abrau-Durso” müxtəlif şərab zavodlarının kolleksiyalarını təqdim edir: “Abrau-Durso”, “Vinodelnya Vedernikov”, “Loza” və s. 2022-ci ilin yekunlarına görə, “Abrau-Durso” 54,1 milyon butulka alkoqollu və alkoqolsuz məhsul satıb.