ABŞ AZƏRBAYCANA QARŞI SANKSİYALAR TƏTBİQ EDƏ BİLƏRMİ?

Ötən il avqustun 2-də ABŞ prezidenti “ABŞ-ın düşmənlərinə sanksiyalar vasitəsilə əks-təsir” (Countering America’s Adversaries Through Sanctions Act/CAATSA) adlı Dövlət Departamenti və Konqres tərəfindən hazırlanmış qanun layihəsini imzalayıb. Qanun layihəsinə uyğun olaraq Rusiyanın, İranın, Şimali Koreyanın hərbi-sənaye şirkətləri ilə əməkdaşlıq edən və bu şirkətlərdən silah alan ölkələrə, şirkətlərə, maliyyə əməliyyatına vasitəçilik edən banklara qarşı ABŞ sanksiyalar tətbiq edəcəkdir.

  SANKSİYALARIN AKTUALLIĞI

Qanun layihəsinə uyğun olaraq 2017-ci il 26 oktyabrda ABŞ Dövlət Deartamenti 26 Rusiya hərbi-sənaye və 6 hərbi-kəşfiyyat təsisatlarının siyahısını hazırladı ki, bu təsisatlara və onlarla əməkdaşlıq, həmçinin, əməliyyatlarda vasitəçilik edən qurumlara, şəxslərə və müxtəlif dövlətlərin vəzifəli şəxslərinə qarşı 2018-ci il yanvarın 29-dan sanksiyaların tətbiq ediləcəyi nəzərdə tutulmuşdu. Rusiya və o cümlədən İran, Şimali Koreya hərbi-sənaye və hərbi-kəşfiyyat kompaniyalarına, onlarla əməkdaşlıq edən əcnəbi təsisatlara və fiziki şəxslərə qarşı nəzərdə tutulan sanksiyalar paketi geniş diapazonludur.

Sanksiyalar altına düşən şirkət və fiziki şəxslərə qarşı viza rejiminin sərtləşdirilməsi, onlara ABŞ və müttəfiqləri tərəfdən elmi, maliyyə, texniki və d. sahələrdə yardımın, əməkdaşlığın dayandırılması, sanksiyalara düşən bankların isə, SWİFT – beynəlxalq elektron köçürmələr sistemindən çıxarılması, hesablarına həbs qoyulması və s. – ümumilikdə 12 növ sanksiya nəzərdə tutulur.

Sanksiyaların tətbiqi nə qədər ciddidir?

Məsələn, Rusiyanın nəhəng banklarından olan “Alfa-bank”ın həmsahibi Pyotr Aven “Sobesednik” jurnalına bildirmişdir ki, Rusiyanın hərbi sənaye kompleksinə daxil olan və sanksiyalar altına düşən kompaniyaları müştərilər siyahısından çıxarmağa məcburdurlar. “Biz hökumətlə məsləhətləşmələr apardıq və bu addımı atmağa məcbur olmağımıza Rusiya hökuməti anlama ilə qarşıladı”. Yəni, sanksiya təhdidi o qədər ciddidir ki, Rusiyanın bir bankı sanksiyalar altına düşmüş rusiyalı müştərilərinin belə, hesablarını bağlamağa məcbur olmuşdur.

Sanksiyalar tərəfdaş dövlət orqanlarına şamil edilə bilərmi?

Bu suala cavab birmənalı deyil. Beynəlxalq Hüquq Məsləhət şirkəti – Herbert Smith Freehills-in nümayəndəsi Aleksey Paniçin sözlərinə görə, Rusiyanın silahlarını ayrı bir dövlətin şirkəti deyil, dövlət orqanı, məsələn, müdafiə nazirliyi alırsa, ABŞ bu ölkələrə və nazirliklərə qarşı çətin ki, sanksiyalar tətbiq etsin.

Məsələn,  CAATSA imzalandıqdan sonra 2017-ci ilin sentyabrında Türkiyə 2,5 milyard dollar həcmində C-400 komplekslərinin Rusiyadan almaq üçün müqaviləni imzaladı. ABŞ senatoru Ben Kardin Ağ Evə yazdığı məktubunda Türkiyəyə qarşı sanksiyaların tətbiqini tələb etdi. Lakin qeyri-müəyyənliyi görən Ankara dekabrda 2020-сi ildə alacağı komplekslərin pulunu ödəmə şərtləri barədə Moskva ilə əlavə müqavilə bağladı.

Ümumiyyətlə, CAATSA qanununda sanksiyaların tətbiqi “seçimlidir”, yəni, bu sanksiyalar hər hansı bir ölkə və şirkətə qarşı “faktların məcmusu” şərti ilə tətbiq edilə də bilər, ya da edilə bilməz.

ABŞ SANKSİYALARININ İLKİN NƏTİCƏLƏRİ

Virtualaz.org saytına görə, ABŞ Dövlət Departamenti təsdiq edib ki, Rusiyanın hərbi-sənaye kompleksi şirkətləri ilə sövdələşmələrə girməkdən çəkinmək barədə hökumətləri xəbərdar etmək üçün xarici ölkələrdəki diplomatik missiyalara tapşırıqlar verilib. Virtualaz.org xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hazer Nauert fevralın 20-də gün keçirdiyi brifinqdə bildirib.

Nauert deyib ki, Amerikanın rəqiblərinə qarşı sanksiyalar yoluyla təsirlər göstərilməsini nəzərdə tutan qanun (CAATSA) çərçivəsində tətbiq edilən sanksiyalar nəticəsində artıq Rusiyanın hərbi-sənaye kompleksi 3 milyard dollarlıq sövdələşmə itirib.

“Mahiyyətcə bu sövdələşmələrin pozulması cəza tədbiridir. Niyə? Ona görə ki, Rusiya büdcəsinə daha az vəsait daxil olur. Beləliklə də bu tədbirlər Rusiyanı məsuliyyətə cəlb etmək baxımından uğur hesab edilə bilər”-Dövlət Departamentinin sözçüsü bildirib.

Hazer Nauert deyib ki, xaricdəki bütün Amerika diplomatik missiyalarına Rusiya ilə işgüzar münasibətlərin, ilk növbədə hərbi-sənaye kompleksi ilə tərəfdaşlığın məhdudlaşdırılması üçün səylər göstərmək tapşırığı verilib.

Xatırladaq ki, bu günlərdə ABŞ-ın İrəvandakı səfirliyi öz saytında Rusiyanın hərbi-sənaye şirkətləri ilə sövdələşmələrə girən şirkətlərə və hökumətlərə qarşı sanksiyaların tətbiq ediləcəyinə dair xəbərdarlıq yerləşdirib. Dərhal Ermənistanda belə narahatlıq yaranıb ki, xəbərdarlıq İrəvana qarşı yönəlib. Çünki son illər Ermənistan güzəştli kredit hesabına Rusiyadan yeni silah və hərbi texnika almağa başlamışdı.

“Azadlıq” radiosunun erməni xidməti bu xəbərdarlıqla bağlı səfirliyə sorğu göndərib. Diplomatik missiya cavab olaraq bildirib ki, Ermənistan hökuməti Rusiya şirkətləri ilə hərbi-kəşfiyyat sahəsində sövdələşmələrin bağlanacağı təqdirdə sanksiyalarla üzləşəcəyi haqda xəbərdarlıq alan tək hökumət deyil.

“Biz Konqres tərəfindən qəbul edilən və ABŞ-ın rəqiblərinə sanksiyalarla təsir göstərməyi nəzərdə tutan qanunu icra edirik. Xarici dövlətlər və şirkətlər məlumatlandırılıb ki, ABŞ-ın sanksiyalar siyahısına daxil edilən Rusiya şirkətləri ilə əhəmiyyətli sövdələşmələrə gedənlər bizim sanksiyalarımızın təsiri altına düşə bilər”-səfirlik bildirir.

Bununla belə səfirlik məhz hansı ölkələrə və şirkətlərə xəbərdarlıq edildiyini dəqiqləşdirməyib.

“Biz sanksiyaları əvvəlcədən müzakirə etmirik. Bu sanksiyalar barədə o zaman elan edirik ki, onlar artıq mövcuddur, tətbiq edilib. Ümumiyyətlə, əgər sanksiyalar olacaqsa, bu Rusiya ilə hərbi-kəşfiyyat sferasında əhəmiyyətli sövdələşmələrə girən qeyri-rusiya şirkətləri ilə bağlı olacaq”-ABŞ səfirliyi əlavə edib.

Ermənistan Müdafiə Nazirliyi isə ABŞ-ın sanksiyalar barədə xəbərdarlığını şərh etməyib. Bu məsələnin “əlavə araşdırma tələb etdiyini” bildirməklə kifayətlənib.

Heç şübhəsiz ki, ABŞ-ın sanksiyalar barədə xəbərdarlığı Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlıq edən ölkələr və onların şirkətləri üçün ciddi çəkindirici amil olacaq. O cümlədən Rusiyadan milyardlarla dollarlıq yeni silah-texnika alan Azərbaycan üçün. Doğrudur, Azərbaycan 2010-2011-ci illərdə bağlanmış müqavilələr əsasında Rusiyadan böyük həcmdə silahlar və texnika artıq əldə edib. Bu müqavilələr üzrə təchizat davam etməkdədir. Lakin Azərbaycan Rusiya ilə yeni silah müqavilələrinin imzalanmasını da nəzərdən keçirirdi. Bu baxımdan ABŞ-ın xəbərdarlığı Bakını belə niyyətdən çəkindirə bilər.

Bununla belə Azərbaycan öz ordusunun silahlanmasını şaxələndirməyə çoxdan nail olub. Bir tərəfdən Azərbaycanın özünün hərbi sənayesi təşəkkül tapıb və bir çox silah növlərini istehsal edir, onları silahlı qüvvələrə verir və hətta ixrac edir. Digər tərəfdən Azərbaycanın İsrail, Pakistan, Türkiyə, Belarus kimi ölkələrlə hərbi-texniki əməkdaşlıq sahəsində uğurlu əməkdaşlığı mövcuddur. Son vaxtlar isə Avropa ölkələrinin iri hərbi-sənaye şirkətləri Azərbaycanla tərəfdaşlığa maraq göstərirlər. Bu baxımdan Rusiya ilə silah sövdələşmələrini məhdudlaşdırılsa belə,bunun Azərbaycanın hərbi potensialına təsiri az olacaq.

Ermənistan isə acınacaqlı vəziyyətə düşəcək. Çünki bu ölkənin bazar qiymətləri ilə başqa ölkələrdən yeni silahlar almaq imkanı yoxdur. Rusiya Ermənistana güzəştli qiymətə və kredit hesabına silahlar verir, ancaq bunlar da yeni silahlar deyil. Daha çox işlənmiş texnikadır. İndi bu sövdələşmələrin məhdudlaşdırılması Ermənistan üçün şübhəsiz ki, ciddi problem yaradacaq.

ABŞ-ın AZƏRBAYCANA VƏ “ERMƏNİSTANA” MÜNASİBƏTİ

Vaxtilə, nüvə reaktorları ilə əlaqədar ABŞ və Qərb dövlətləri İrana qarşı böyük bir sanksiyalar paketi tətbiq etmişdilər. Amma “ermənistan” adlı qurum göz-görəsi tərzdə öz ərazisindən İrana nüvə sənayesi komponentlərinin daşınmasında vasitəçilik edirdi. Bu barədə geniş məlumatlar var. Amma nəticəsi nə oldu? Heç nə! “Ermənitana” nəinki Qərb, hətta ABŞ-ın özü “gözün üstə qaşın var” demədi.

Niyə? Çünki, Sərkisyan kimi cinayətkarın Brüsseldə dediyi sözlər öz təsdiqini tapır. Bu erməni canisi avrodeputatların “siz həm Rusiya, həm Qərb oturacağında nə zamana kimi oturacaqsızın?” belə cavab vermişdi ki, “ermənistana” xüsusi münasibət göstərmək lazımdır, çünki o, türk-islam dünyasının içindədir. Yəni, forpostdur! Yəni, xristian dünyasının türk-islam dünyası qarşısında strateji xristian forpostudur!

Bəli, bu “xristian forpostuna” nə xristian Avropası, nə xristian Amerikası heç bir sanksiya tətbiq edən deyil. “Xala xətrinə” veriləcək sanksiyalar isə, ermənilər üçün qorxulu deyil.

Bəs, bizə qarşı sanksiyalar?

Sözün düzü, çətin ki, rəsmi Bakı rus silahından imtina etsin. Moskvanın xoşuna gəlmədiyi üçün adi bir komediya filminin nümayişi Bakıda yasaq edilirsə, rus silahından biz necə imtina edə bilərik? Rusiyanın Azərbaycandakı bütün 5-ci kolonu ayağa qalxar!

İkincisi, ABŞ-ın sanksiyalar təhdidi Azərbaycan üçün daha realdır. Onsuz da erməni lobbisi 709-cu düzəliş, Bakı-Tbilisi-Qars dəmir yoluna görə Azərbaycanla əməkdaşlığa yasaq  və digər ermənipərəst qanunların qəbulundan sonra sakit durmur, Azərbaycanın ABŞ tərəfindən təklənməsinə çalışır. Sözsüz ki, bu cür şansı erməni lobbisi əldən buraxmayacaq. Ona görə də, Qərbin sevdiyi və qoruduğu ermənilərdən və “ermənistan” adlı qondarma qurumdan fərqli olaraq, ABŞ tərəfdən CAATSA qanununa görə, sanksiyalar paketinin Azərbaycana qarşı fürsət düşən kimi tətbiq ediləcəyi gözləniləndir.

Qarxunlu

“Millətçilik” qəzeti

ƏvvəlkiAzərbaycanın fenomeni – Bu gün Banişevskinin doğum günüdür – VİDEO
NövbətiBOZQURDLAR PREZİDENT SEÇKİLƏRİNDƏ CƏNAB İLHAM ƏLİYEVİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏYİRLƏR (AzMDEP-in İCMALI)