ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycanın Dövlət Bayrağının 100 illiyi qeyd edilib.
“Report” xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü ilə Monterey şəhərinin mərkəzində yerləşən Alvarado küçəsi əvvəldən axıradək çoxlu sayda Azərbaycan bayraqları ilə bəzədilib.
Bundan başqa, noyabrın 9-u Montereydə “Azərbaycanın Dövlət Bayrağı Günü” elan edilib. Bununla bağlı şəhər meri Klayd Roberson (Clyde Roberson) müvafiq bəyannamə imzalayıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilən bəyannamədə Azərbaycanın 28 may 1918-ci il tarixində müstəqilliyini elan edərək, müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, müsəlman dünyasında ilk dəfə qadınlara səsvermə hüququ verdiyi vurğulanıb. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunub.
Sənəddə 1918-ci ilin 9 noyabr tarixində göy, qırmızı və yaşıl rənglərindən ibarət üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edildiyi, 1991-ci ildə yenidən müstəqilliyini əldə etdikdən sonra isə həmin bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı elan edildiyi vurğulanıb.
Bəyannamədə qeyd olunub ki, Azərbaycan ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı olaraq qalmaqdadır və beynəlxalq səviyyədə müsəlman, xristian və yəhudilərin birgə sülh və harmoniya şəraitində yaşadığı uğurlu ölkə modeli kimi tanınır.
Bundan başqa, Monterey şəhərinin 2011-ci ildə Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşdığı qeyd olunub.
Bəyannamənin sonunda mer K.Roberson şəhər şurası və şəhər əhalisi adından 9 noyabr 2018-ci il tarixini Monterey şəhərində “Azərbaycanın Dövlət Bayrağı Günü” elan edib və bütün şəhər sakinlərini bu bayramı qeyd etməyə çağırıb.