ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə əlaqədar olaraq rəsmi bəyannamə imzalayıb.
Türk.az-ın xəbərinə görə, bəyannamədə 1918-ci il 28 may tarixində müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunub.
Sənəddə bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.
P.Rikets Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovet İttifaqının tərkibinə daxil edildiyini və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğunu vurğulayıb. Azərbaycan son 28 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirmiş və hazırda vacib əhəmiyyətli regionlardan olan Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Bəyannamədə, Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə əlaqədar olaraq mayın 28-nin Nebraska ştatında və dünyanın digər yerlərində yaşayan azərbaycanlılar tərəfindən Respublika Günü kimi qeyd ediləcəyi və Cümhuriyyət xadimlərinin Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılmasına verdiyi töhfələrin xatırlanacağı bildirilir.
Qubernator imzaladığı bəyannamədə 2019-cu il mayın 28-ni Portlenddə “Azərbaycan Milli Günü” elan edib.