Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin nümayəndələri indi bütün amerikalılara özünü və digərlərini koronavirus pandemiyası dövründə müdafiə etmək üçün ictimai yerlərdə qoruyucu maska taxmağı məsləhət görür.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkə Prezidenti Donald Tramp bəyan edib. O bildirib ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin mövqeyinə uyğun olaraq, amerikalılar xəstə olub-olmamasına baxmayaraq parçadan hazırlanmış maskalar taxmalıdırlar, tibbi respirator maskaları isə həkimlərə və tibb bacılarına daha çox lazımdır.
Tramp bildirib ki, amerikalılar maskanı könüllü olaraq taxa və ya taxmaya bilər. Onları buna heç kim məcbur etməyəcək. “Siz bunu edə bilərsiniz. Lakin bunu etməyə məcbur deyilsiniz. Mən bunu etməməyə üstünlük verirəm. Lakin bəzi insanlar bunu etmək istəyir və bu, normaldır”, – deyə prezident bəyan edib.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin nümayəndələri əvvəlcə yalnız COVID-19 virusunun əlamətləri olan insanların maska taxmağını tövsiyə edirdilər. Səhiyyə sisteminin işçiləri, həmçinin narahat idilər ki, səhiyyə sahəsinə aidiyyəti olmayan işçilər “n95” respiratorlu maskalar taxarlarsa, o halda sonradan maska ehtiyatında azalma hiss olunacaq. Lakin ABŞ-da koronavirusa yoluxanların sayının kəskin şəkildə artması ilə bağlı agentlik öz mövqeyini dəyişməli olub.
Aprelin 3-nə olan vəziyyətə görə, ABŞ-da COVID-19 virusuna yoluxanların sayı 273 mini keçib, 7 mindən çox insan isə xəstəliyin qurbanına çevrilib.