ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast konqresmen Çip Roy ilə birlikdə İsraili təqib etdiyinə görə Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) sanksiyanın tətbiq olunmasına dair qanun layihəsini təqdim edib.
“Report” xəbər verir ki, bu barədə komitədən bildirilib.
“Bizim qanun layihəmiz Beynəlxalq Cinayət Məhkəməsinə açıq mesaj göndərir. Biz sizi tanımaya bilərik, lakin siz ABŞ və ya onun müttəfiqlərinə qarşı fəaliyyətləriniz səbəbindən başınıza nə gələcəyini anlayırsınız. Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin özünümüdafiə hüququndan istifadə etməsinə mane olmaq cəhdi yalnız müharibəni uzatdı və girovların azad edilməsinə mane oldu. Bu da HƏMAS-ın əhval-ruhiyyəsini artırdı”, – Mast bildirib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalara ABŞ vizasının verilməsindən imtina və ya əvvəllər verilmiş giriş sənədlərinin ləğvi daxildir.
Xatırladaq ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantı 2023-cü il oktyabrın 8-dən 2024-cü il mayın 20-dək Qəzza zolağı da daxil olmaqla Fələstin ərazisində hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham edərək həbsə order verdiyini açıqlamışdı.