ABŞ ordusu köhnəlmiş “M113” zirehli personal daşıyıcılarını (“Armoured Personnel Carrier M113”) əvəz etməli olan və “BAE Systems” şirkətinin istehsalı olan çoxməqsədli zirehli maşınlarından (AMPV – “Armored Multi-Purpose Vehicle”) yararlanmağa başlayıb.
“Report” xəbər verir ki, bu barədə “Army Recognition” məlumat yayıb.
Nəşrin məlumatına görə, yeni texnikanı ilk olaraq ABŞ ordusunun 3-cü piyada diviziyasının 1-ci zirehli briqadasının döyüş qrupu alıb. Yaxın 20 ildə AMPV-nin ümumi tədarükünün təxminən 3 000 maşın olacağı gözlənilir.
Yeni nəsil döyüş maşınları üzrə inteqrasiya edilmiş qrupun (NGCV CFT – “Next-Generation Combat Vehicles Cross-Functional Team”) direktoru, briqada generalı Ceffri Normanın sözlərinə görə, AMPV “M113” ilə müqayisədə daha davamlı, etibarlı və funksional platformadır və bu, ABŞ-ın zirehli texnikasının imkanlarını genişləndirir.
Qeyd olunur ki, AMPV-nin beş variantı mövcuddur, onlar “yaşamaq” qabiliyyəti, qorunma səviyyəsi, çəkisi, ölçüsü, gücü, soyutma sistemi və qabaqcıl idarəetmə və rabitə sistemlərinə görə fərqlənir.