Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Münxendə keçirilən Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Qofri Pyatt ilə görüşüb.
AZƏRTAC Qofri Pyattın “X” hesabına istinadla xəbər verir ki, Münxendə keçirilən bu görüşün əsas məqsədi COP29 çərçivəsində Bakının iqlim prioritetlərinə dəstək, metan emissiyalarının azaldılması, o cümlədən Xəzər regionunda enerji marşrutlarının və təchizatının şaxələndirilməsi məsələlərini müzakirə etmək olub.
ABŞ rəsmisi qeyd edib ki, Birləşmiş Ştatlar BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Bakının iqlim prioritetlərini tam dəstəkləyir.
Xatırladaq ki, bu il Azərbaycanda COP-un 29-cu sessiyası keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. İki həftə ərzində paytaxt Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.