ABŞ-ın Qlendeyl şəhərinin keçmiş meri Zare Sinanyana Ermənistan hökumətində vəzifə verilib.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.
“Sinanyan baş nazirin administrasiyasında diasporla iş üzrə məsələlərə rəhbərlik edəcək”, – məlumatda vurğulanıb.
Diasporla İş üzrə Nazirlik ləğv edildikdən sonra onun yerinə bu günlərdə Diaspor məsələləri üzrə komissar vəzifəsi təsis edilib.
Bir müddət əvvəl bildirilmişdi ki, Zare Sinanyan Ermənistan hökumətində yüksək vəzifə tutması ilə əlaqədar Qlendeyl şəhər şurası üzvlüyündən istefa verib. Məlumata görə, o, ilk dəfə 2013-cü ildə şəhər şurasına üzv seçilib. Z.Sinanyan 2017-ci ildə quruma yenidən üzv olub. 2014-2015 və 2018-2019-cu illərdə iki dəfə şəhər meri vəzifəsində işləyib. O, son zamanlar Hollivudun “Berbank” hava limanının administrasiyasına rəhbərlik edib.
Qeyd edək ki, Qlendeyl ABŞ-ın Kaliforniya ştatının şəhəridir. Şəhər əhalisinin sayına görə, erməni etnik qrupu üçüncü yerdədir. 2010-cu ilin əhalinin siyahıyaalınmasına əsasən, şəhər əhalisinin sayı 191 719 nəfərdir. Şəhərdə 65 343 erməni var. Bu isə ümumi rəqəmin 34,1 faizini təşkil edir. 1990-cı ildə isə şəhərdə onların sayı 31 402 nəfər olub.