ABŞ VƏ İRAN QARŞIDURMASINA DOĞRU…

15 iyul 2015-ci ildə İran və “altılıq” ölkələri (ABŞ,Fransa,İngiltərə, Almaniya, Çin və Rusiya) 10 il davam edən danışıqlardan sonra razılığa gəldilər. Danışqıların mövzusu İranın nüvə proqrmının dayandırılması müqabilində Tehrana qarşı iqtisadi və siyasi sanksyaların dondurulması idi. 10 ilə nəzərdə tutulmuş razılaşma Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) adlandırıldı (ingiliscə, Joint Comprehensive Plan of Action, qısa JCPOA).

Amma Suriyadakı hadisələr, Rusiya-İran blokunun yaranması və daim hər iki tərəfdən hədə-qorxu ritorikası münasibətləri gərginləşdirirdi.Cəmi 3 ildən sonra “altılıq ölkələrinə” daxil ABŞ-ın birtərəfli olaraq razılaşmadan çıxmasını heç kəs gözləmirdi.

ABŞ SİYASƏTİ DƏYİŞDİ

Hələ əvvəllər də ABŞ prezidenti Donald Tramp bildirirdi ki, İranla əldə edilmiş BHFP-nin şərtləri daha çox Tehrana sərf edir. Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel də çıxışlarında BHFP-nin əlavələrə ehtiyacı olduğunu bildirirdilər. Artıq bir səbəb lazım idi ki, BHFP razılaşması əhəmiyyətini itirsin.

Səbəb isə, aprelin 30-da İsrailin baş naziri Benyamin Netanyahunun məşhur açıqlaması oldu. İsrail baş naziri keçirdiyi mətbuat konfransında Mossad`ın İrandan qaçırdığı onlarla gizli fayla malik olduğunu bildirdi. Çıxışının tutarlı hissəsini ingilis dilində söyləyən B.Netanyahu slaydları nümayiş etdirərək Tehranın gizli olaraq nüvə silahı və uzaq mənzilli raketləri təkmilləşdirməsi üzrə işlərini davam etdirdiyinə dünyanı inandırmağa çalışırdı.

Cəmi bir neçə gündən sonra ABŞ prezidenti D.Tramp geniş bir açıqlama verərək ABŞ-ın BHFP-dən çıxdığını belə izah etdi: “Siz bilirsiniz ki, bu saziş 7 ildən sonra bitəcək və İrana irəli gedərək nüvə silahını yaratmağa heç nə mane olmayacaq. Bu qəbuledilməzdir. Yeddi il – sabah deməkdir. Onlar sakit oturmurlar. Onlar iddia edirlər ki, guya peyk sistemi üçün raketlər buraxırlar. Mən belə düşünmürəm. Görək nə alınır”.

ABŞ-ın BHFP-ni tərk etməsi qərarı şərt əsasında idi. ABŞ preizdenti və Ağ Evin mətbuat xidmətinin açıqlamalarına əsasən deyə bilərik ki, Vaşinqton farslardan raket proqramını da beynəlxalq nəzarətə verməyi tələb edir. Bundan sonra Ağ Ev Tehrana digər tələb siyahısını da təqdim etdi: qitələrarası ballistik raketlərdən imtina, Hezbolla, Hamas, Taliban və Əl-Qaida qruplaşmalarını dəstəkləməyə son vermək, İsraili məhv etmək planlarından əl çəkdiyini rəsmən bəyan etməli, Yəməndəki münaqişədən uzaq durmaq, ABŞ və onun müttəfiqlərinə qarşı kiberhucumlardan əl çəkmək və s. Əslində bu cür tələblər öncədən Tehranın rədd cavab verməsinə nail olmaq demək idi.

Avropa Birliyi ölkələri ABŞ-ın bu addımını gözləmədikləri bəlli idi. Çünki AB rəsmiləri biri digərinin ardınca ABŞ-ın BHFP-ni tərk etməsinə baxmayaraq İranla “işləməyi” davam etdirəcəklərini bəyan edirlər.

Bütün bunlara rəğmən İran rəhbərliyi mövqeyini daha da kəskin qoydu: əgər hər hansı bir ölkə BHFP-dən çıxsa, Tehran artıq sazişi qüvvədən düşmüş hesab edəcək.

ƏSƏBLƏR GƏRGİNLƏŞİR

APA-nın məlumatına görə, İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xamenei Tehranın Fərhəngiyan Universitetinin müəllim heyəti ilə görüşü zamanı ABŞ prezidenti Donald Trampı yalan söyləməkdə ittiham edib.

“Ötən gecə eşitdiniz ABŞ prezidenti neçə axmaq sözlər dedi. Onun sözlərində 10-dan çox yalan var idi. O həm İslami sistemi hədələdi, həm də xalqı. Mən İran xalqı adından deyirəm: Cənab Tramp, siz səhv edirsiniz. Biz deyirdik ki, ABŞ-ın İranla problemi nüvə enerjisi məsələsi deyil, bunlar bəhanədir, deyirdilər ki, yox, bu belə deyil. İndi gördülər ki, bu belə imiş. Biz Birgə Hərtərəfli Fəaliyyət Planını qəbul etdik, amma İranla düşmənçilik bitmədi. İndi də bizim regiondakı mövcudluğumuzu, raketlərimizi problemə çeviriblər. Əgər bunları da qəbul etsək, yenə də iş bitməyəcək, başqa bir məsələni bəhanə edəcəklər. İlk gündən dəfələrlə demişəm ki, ABŞ-a etimad etməyin. Demişəm ki, əgər müqavilə imzalamaq istəyirsiniz, lazımi təzminatı alın və sonra saziş imzalayın. Dediyim şərtlərdən biri bu idi ki, ABŞ prezidenti şəxsən imzalamalıdır. Hörmətli məsul şəxslər zəhmət çəkdilər, bunun üçün çalışdılar, lakin bacarmadılar”, – deyə o vurğulayıb.

Ayətullah Xamenei deyib ki, ölkə rəsmiləri böyük sınaq qarşısındadır: “Bildirirlər ki, 3 Avropa ölkəsi ilə davam etdiririk. Mən bu 3 ölkəyə inanmıram. Siz də onlara inanmayın. Əgər razılıq əldə etmək istəyirsinizsə, təzminat alın. Yoxsa bunlar da ABŞ-ın etdiyini edəcəklər. Əgər tutarlı zəmanət ala bilməsəniz, Hərtərəfli Birgə Fəaliyyət Planının öhdəliyini yerinə yetirməyi davam etdirmək olmaz”.

Ayətullah Xamenei deyib ki, bir neçə gün öncə Tramp Körfəz ölkələrinin başçılarına məktub yazıb: “Həmin məktubda deyir ki, mən sizin üçün 7 trilyon dollar pul xərcləmişəm və siz bu işi görməlisiniz. Xərcləmisən ki, İraq və Suriyanı işğal edəsən, amma bacarmadın”.

Ayətullah Xamenei ABŞ prezidentinin bu hərəkətini iyrənc adlandırıb.

“İran ABŞ-ın qərarı ilə bağlı tədbirlərə başlamazdan öncə bir neçə həftə gözləyəcək”. “Mehr” agentliyinin verdiyi xəbərə görə, bunu İran parlamentinin sədri Əli Laricani deyib.

Ə.Laricaninin sözlərinə görə, bununla da İran dünyaya problemin sülh yolu ilə həllinə cəhd etdiyini sübut edəcək: “Bu addım ABŞ üçün utancvericidir. Trampın bu qərarına görə ABŞ-a dünyada inamsızlıq artıb. İran isə dialoqa üstünlük verdiyini və problemlərin həllində siyasi yollar axtardığını göstərdi”.

İran parlamentinin sədri qeyd edib ki, ABŞ beynəlxalq təhlükəsizliyi riskə atır: “Trampla güc işlədərək danışmaq daha yaxşı olar. Bu vəziyyətdə İran nüvə proqramı ilə bağlı əvvəlki mövqeyindən imtina etməyəcək”.

Aydın məsələdir ki, ABŞ dairələri İranın bu cür kəskin reaksiyasını və daha gələcəkdə hər hansı bir təxribata gedəcəyini təxmin edirlər. İranı yanlış addımlara atmağa sürükləmək üçün ABŞ artıq İsrailə Suriyada və mümkündür ki, digər qonşu ölkələrdə, məsələn, Livanda iranpərəst qüvvələrə qarşı hərbi qüvvə tətbiq etmək üçün zəmanət verirlər. Ən azından İsrailin zərbələri ilə regionda iranpərəst hərbi qüvvələr ciddi zərbələr alacaq, ən çoxu isə, İran İsrailə qarşı hansısa hərbi aksiyanı həyata keçirməyə çalışacaq. Hadisələrin bu cür gedişatında artıq ABŞ və Qərb koalisiyası üzrə müttəfiqlər adekvat addım atmaq üçün əsas əldə edəcəklər.

Doğrudur, İranın gurultulu sözlərdən savayı kəskinləşməyə getməyəcəyi daha ağlabatandır. Belə ki, bütün dünya daim buna şahid olub. Amma indi hadisələrin gedişini bilmək bir qədər çətindir. Belə ki, baş verən hadisələrdə bölgənin ən güclü oyunçuları olan Səudiyyə Ərəbistanından və Türkiyə rəhbərliyindən hər hansı bir aydın mövqeli reaksiya eşidilmədi. Elə bil onlar nəyisə gözləyirlər…

AZƏRBAYCANIN YERİ

Balaca bir dövlət kimi biz bu hadisələrdə neytral mövqe tutmalıyıq. ABŞ, İsrail və Qərb koalisiyasından mümkün hərbi zərbələr ala biləcək İranın Azərbaycana münasibətdə atacağı addımları proqnozlaşdırmaq çətindir. Rusiya-İran-“ermənistan” üçbucağında yerləşən Azərbaycanı bu ittifaqın hər bir üzvü potensial təhlükə kimi nəzərdən keçirməkdədir. Bakı Güney Azərbaycan milli hərəkatını dəstəkləmədiyinə, dünya çapında erməni ideoloji-təbliğat kampaniyasına zəif cavab verdiyinə, 2016-ci il apreldən öncə erməni işğalçılarına qarşı aktiv dron bombardmanı taktiksından əl çəkdiyinə, hətta, Moskvaya cavabsız reveranslar etdiyinə baxmayaraq hər üç tərəf Azərbaycan potensial təhlükə mənbəyi kimi görür. Heç olmasa, erməni rəsmilərinin istədiyi zaman gedib gələ bildiyi işğal altındakı torpaqlarımıza istiqamətli hərbi qüvvələrimizlə yanaşı, Rusiya və İran sərhədi, o cümlədən, Xəzər akvatoriyası boyunca hərbi qüvvələrimizi möhkəmləndirməyə məcburuq. Dar ayaqda Azərbaycanı bölüşdürməyə razılaşmış rus, fars və erməni siyasi çevrələrinə anlatmaq lazımdır ki, bu planları onlara ucuz başa gəlməyəcək.

Qarxunlu

“Millətçilik” qəzeti

ƏvvəlkiBakıda əl qumbarası və müxtəlif növ patronlar tapılıb
NövbətiVƏTƏNƏ BAĞLI ÖMÜR