Abşeron rayonunda Novruz bayramı ilə əlaqədar ümumrayon bayram şənliyi təşkil edilib. Bayram tədbiri ərəfəsində Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları ərazidə yaşayan şəhid ailələrinə və qazilərə baş çəkib, xalqımızın qədim Novruz bayramı münasibətilə təbrik ediblər. O cümlədən, şəhid məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.
Abşeron rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, həmçinin Novruz bayramının gəlişi ilə əlaqədar rayon ərazisində hər həftə iməcilik tədbirləri keçirilib, yaşıllıq sahələrində mövsümi işlər görülüb, park və bağlarda ağaclara aqroqulluq göstərilib.
Martın 18-də Xırdalan şəhərində Heydər Əliyev Parkında keçirilən Novruz bayramı tədbirində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti qatılıb.
Şəhid övladları və qazilər “Yanardağ” Dövlət-Tarix Mədəniyyət və Təbiət Qoruğundan gətirilən alovla bayram tonqalını yandırıblar. Parkın hər guşəsi bayram atributları ilə bəzədilib, məktəb və məktəbəqədər təhsil müəssisələrinin kollektivləri öz sərgiləri ilə qonaqları sevindiriblər. Bayram şənliyində Dədə Qorqud və Bahar qız yazın gəlişini müjdə verib, bayram gəzintisinə start veriblər.
Parkın meydançasında milli geyimli iştirakçılar tərəfindən nümayiş olunan xalq oyunları, rəqslər, Vətənimizi tərənnüm edən musiqilər, Keçəllə Kosanın məzəli əhvalatları və musiqi ustalarının ifaları abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb. Fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət sərgi və yarmarka iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Gəzintidən sonra incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim edilib, ədəbi- bədii səhnələr göstərilib.