Qırx dörd günlük Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsində ucalan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülən şəhid gizir Rufiz Şirzad oğlu Budaqovun 45-ci doğum günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, anım tədbirində Abşeron Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, YAP Abşeron Təşkilatının sədri Abbas Əliyev, şəhidin ailə üzvləri iştirak ediblər.
İştirakçılar Bakıda II Fəxri xiyabanda şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətindən bəhs edilib.
Gülnar Rəhimova bildirib ki, ölkəmizdə, o cümlədən Abşeron rayonunda şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. Onların xatirəsinin əbədiləşdirilməsi, unudulmaması və daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
İcra nümayəndəsi şəhidin ailə üzvləri ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb.
Şəhid Rufiz Budaqovun yaxınları ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini önə çəkib və bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə ediblər.
Daha sonra şəhid Rufiz Budaqovun övladları II Fəxri xiyabanda uyuyan şəhidlərimizi, o cümlədən general Polad Həşimovun məzarını ziyarət edib, onların məzarı üzərinə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.