“Azərbaycan Elektron İdman Növləri Federasiyası” İctimai Birliyinin (İB) respublika idman federasiyası statusu təsdiq edilib. Bu barədə qərar Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında qəbul olunub.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, ölkə ərazisində ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın təqdimatı əsasında “Azərbaycan Elektron İdman Növləri Federasiyası” İB-nin idman federasiyası statusu təsdiqlənib.
Azərbaycan Elektron İdman Növləri Federasiyasının prezidenti Adil Mahmudov qərarın gələcəkdə daha səmərəli fəaliyyət göstərməyə dəstək olduğunu bildirərək deyib: “Gənclər və İdman Nazirliyinə göstərdiyi dəstəyə görə təşəkkür edirəm. Elektron idman növlərinin təbliğatında və inkişafında həmişə nazirliklə birgə fəaliyyət göstəririk. Federasiya olaraq bu il bir sıra böyük layihələrin reallaşması istiqamətində çalışırıq. Əsas məqsəd elektron idman növlərinin Bakıdan kənarda da digər şəhər və rayonlarında rahat şəkildə istifadəsinə şərait yaratmaqdı. Hazırda elektron idman növlərində olan əsas idmançılar məhz Bakı və paytaxtın kəndlərində toplaşıb. Biz istəyirik bütün ölkədə bizim idman növləri populyar olsun”.