Ağ ev: ABŞ artıq 130 ölkə ilə gömrük rüsumları üzrə danışıqlar aparır

Bu gün 130 ölkə ABŞ ilə əlaqə saxlayıb və gömrük rüsumları ilə bağlı danışıqlar aparmaq istədiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə Ağ evin Milli İqtisadi Şurasının başçısı Kevin Hasset CNN-ə müsahibəsində bildirib.

“Hazırda 130 ölkə bizimlə əlaqə saxlayıb və biz onlarla danışıqlar aparırıq”, – o söyləyib və əlavə edib ki, ABŞ adıçəkilən ölkələr üçün idxal rüsumlarının məbləğini 10 %-ə endirib.

Bundan başqa, milli iqtisadi şuranın başçısı qeyd edib ki, Çinlə ticarət mübahisələrinin tənzimlənməsi prosesi getsə də, bu, “başlanğıc mərhələsindədir”.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazidən gələn mallara gömrük rüsumlarının tətbiq ediləcəyini açıqlamışdı. Aprelin 9-da o, danışıqlara hazır olduğunu bildirən 75 ölkəyə qarşı rüsumların artırılmasını 90 gün müddətinə dayandırdığını bildirmişdi. Onlar üçün 10 % həcmində idxal tarifləri tətbiq olunacaq.

ƏvvəlkiYaponiyada keçirilən “Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olub
NövbətiBaş nazir Əli Əsədov Rumıniya Parlamenti Senatının sədri ilə görüşüb