Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat verdilər.
Bildirildi ki, Ağcabədi “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin aprel ayında başlanılıb və bu ilin iyununda işlər başa çatdırılıb. Kompleksin ümumi sahəsi 7290 kvadratmetrdir.
Prezident İlham Əliyev “ASAN Həyat” kompleksini işə saldı.
“ASAN Həyat” kompleksinə “ASAN xidmət”, “ASAN kommunal” mərkəzləri, “ASAN vəkillik” bürosu, Uşaq Psixoloji Sosial İnkişaf Mərkəzi və vətəndaşların istirahəti və əylənməsi üçün bir sıra sahələr daxildir. Ağcabədi regional “ASAN xidmət” mərkəzi Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Zərdab rayonlarında qeydiyyatda olan 815 mindən çox vətəndaşa xidmət göstərəcək. Mərkəzdə 207 əməkdaş və 45 könüllü çalışacaq.
Ağcabədi “ASAN Həyat” kompleksinin tərkibində sayca 5-ci “ABAD Food Hall” fəaliyyətə başlayıb. Digər “ABAD Food Hall”arda olduğu kimi, burada da ABAD-çılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsulların sərgi-satışı təşkil edilib. “ABAD” publik hüquqi şəxsin 2020-ci il ərzində ABAD-çı ailələrinin sayı 16 nəfər artaraq 429-a çatıb və onlara 30-a yaxın xidmət göstərilir.
Daha sonra Prezident İlham Əliyevə innovativ yeniliklər barədə məlumat verildi. Qeyd olundu ki, “ASAN İnnoland” pandemiya ilə əlaqədar bir sıra yeniliklərə imza atıb, onlardan biri də istehsalçısı milli startaplar olan süni nəfəs aparatıdır.
Prezident İlham Əliyev: Bu, sınaqdan keçib?
Ülvi Mehdiyev: TƏBİB müayinədən keçirib, müəyyən rəy yazıb, o rəyə uyğun da baxacağıq. Bu isə gündəlik istifadə edilən əşyaların dezinfeksiyası üçündür. Bu, eskalatorlar üçün hazırlanıb, fırlandıqca ultrabənövşəyi şüalarla dezinfeksiya olunur. Bu isə temperaturu müəyyən edir, virusu yandırır, onu içəri keçməyə qoymur. Bu isə üz maskasıdır, bizdə istehsal olunur. DOST mərkəzlərinə paylamışıq, əməkdaşlar xidmət zamanı istifadə edirlər.
Sonra dövlətimizin başçısına smart aptek aparatı barədə məlumat verildi. Bildirildi ki, bu aparat vasitəsilə vətəndaşlar onlara lazım olan dərmanları seçə, dərmanın qiyməti, təyinatı barədə məlumat ala və ödəniş edib preparatı götürə bilər.
Ülvi Mehdiyev: Vətəndaş pulu daxil edir, kağız pul da alır, qəpik də. Seçdiyimiz dərmanı iyirmi saniyə ərzində içəridə tapır və təqdim edir.
Prezident İlham Əliyev: İndiki şəraitdə bunun xüsusi əhəmiyyəti var.
Ülvi Mehdiyev: Sizin tapşırığınızla müəyyən pulsuz dərmanlar verilir. O adamlar həmin dərmanı almaq üçün mütləq tibb müəssisinə getməlidir. Amma bu smart apteklər hər yerdə quraşdırıla bilir.
Qeyd edək ki, yerli istehsal olan smart aptek aparatının küçələrdə, iri ticarət mərkəzlərində, “ASAN xidmət”lərdə qoyulması planlaşdırılıb. 500 dərman növünün olduğu bu aparatın xaricə ixracı nəzərdə tutulub.
Daha sonra dövlətimizin başçısına dezinfeksiya robotu barədə məlumat verildi. Qeyd olundu ki, bu robot vasitəsilə bütün ictimai məkanları dezinfeksiya etmək mümkündür. Xaricdə istehsal olunan bu aparatın yerli istehsalı planlaşdırılır. Bundan əlavə, Prezident İlham Əliyevə rəqəmsal icra hakimiyyəti sistemi barədə də məlumat verildi. Bu sistemin fəaliyyəti sayəsində hər bir icra hakimiyyətində xidmət məkanının yaradılmasına nail olmaq mümkündür. Bunun sayəsində tələb olunan sənədlərin sayı 225-dən 104-ə enəcək.
İnnovativ yeniliklərdən biri də pandemiya şəraitində dövlət orqanlarında vətəndaşları qəbul etmək üçün vahid e-qəbul portalının yaradılmasıdır. Vətəndaş mobil telefon və elektron hökumət portalında yaratdığı kabinetindən istifadə edərək qəbula yazıla bilər.
Ülvi Mehdiyev: Onun üçün qəbul vaxtı müəyyən olunur. Həmin vaxt videoqəbul keçirilir. Hətta biz şikayətləri prioritetləşdirə bilirik. Bütün bunlar vahid sistemdə toplanır, analitik təhlil olunur. Şikayətləri təsnifatlaşdırmaq mümkündür.
Bundan başqa, yeni elektron rəngləmə sistemi də hazırdır. Onun vasitəsilə ağ-qara foto və video materialları rəngləmək mümkündür. Onu da deyək ki, Ağcabədi “ASAN Həyat” kompleksi üçün ayrılmış ərazidə geniş park salınıb, 100 avtomobil üçün dayanacaq yaradılıb.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
– Bu gün növbəti “ASAN Həyat” Mərkəzinin açılışını edirik. Bu münasibətlə sizi təbrik edirəm. Mənim göstərişimlə Ağcabədi rayonunda müasir, gözəl “ASAN Həyat” Mərkəzi yaradılıb və bu gün istifadəyə verilir. Mərkəzlə tanışlıq çox xoş təəssürat bağışlayır. Həm xarici görünüşü, həm də daxili dizaynı, tərtibatı çox gözəldir. Ən önəmlisi odur ki, burada vətəndaşlara 320 xidmət göstəriləcək. Bu bölgədə yaşayan səkkiz yüz min insan bu imkanlardan istifadə edə bilər.
Növbəti “ASAN xidmət” mərkəzinin açılışı çox əlamətdar hadisədir. Çünki biz qısa müddət ərzində “ASAN xidmət” mərkəzlərinin sayını 19-a çatdırdıq və bu proses davam etdirilir. Hazırda səkkiz mərkəzin tikintisi nəzərdə tutulur. Onlardan bəziləri demək olar ki, hazırdır, bəzilərində isə işlər davam etdirilir. Beləliklə, biz bütün ölkəmizi “ASAN xidmət” mərkəzləri ilə əhatə edəcəyik. Əslində, bizim planlarımız da bundan ibarət idi. Biz bu təşəbbüsü irəli sürəndə mənim qəti fikrim ondan ibarət idi ki, əgər bu təcrübə müsbət olarsa, – mən buna şübhə etmirdim, – bütün ölkə üzrə “ASAN xidmət” mərkəzləri yaradılmalıdır və bütün vətəndaşlara keyfiyyətli xidmətlər göstərilməlidir. Biz bu işi ardıcıllıqla görürük. Bu gün bu mərkəzin işinə start verərkən gördüm ki, “ASAN xidmət”in fəaliyyətə başladığı dövrdən indiyə qədər təxminən 38 milyon müraciət olmuşdur. “ASAN xidmət”in fəaliyyətini ən gözəl əks etdirən fakt odur ki, vətəndaşların bəyənmə dərəcəsi 99,4 faizdir. Demək olar ki, 100 faiz vətəndaşlarımız “ASAN xidmət” mərkəzlərindən məmnundurlar. Bu da təbiidir. Əslində bizim niyyətimiz də, istəyimiz də insanlar üçün çox gözəl, rahat və şəffaf xidmət yaratmaqdır. Biz buna nail ola bildik.
Bu gün “ASAN xidmət” ölkəmizin intellektual məhsuludur. Mən bir dəfə demişəm, bir daha demək istəyirəm ki, biz artıq bu intellektual məhsulu ixrac edirik. Bir neçə ölkə ilə bizim “ASAN xidmət” mərkəzlərinin o ölkələrdə yaradılması ilə əlaqədar müqavilələr imzalanıb. Bəzi ölkələrdə artıq “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Bu, bizim milli brendimizdir. “ASAN xidmət”in fəaliyyətə başlaması və uğurla fəaliyyət göstərməsi bu sahədə aparılan siyasətin çox gözəl nəticəsidir. “ASAN xidmət” innovasiyadır və hər bir yeni mərkəzin açılışında mənə yeni innovativ layihələr təqdim olunur, o cümlədən bu gün. Sonra isə bu layihələrin böyük əksəriyyəti həyatda öz əksini tapır.
“ASAN xidmət”in fəaliyyəti Azərbaycanda innovasiyaların inkişafına da çox böyük təkan vermişdir. Şadam ki, bu innovasiyaları təqdim edən, onları icad edən gənclərdir. Beləliklə, qısa müddət ərzində ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verdi. Bəlkə on il bundan əvvəl heç kim təsəvvür edə bilməzdi ki, bir mərkəzdə 320 xidmət göstərilə bilər. Bu xidmətlərin yüksək innovativ əmsalı var. Eyni zamanda, bu mərkəzlərdə şəffaflığın dərəcəsi mütləqdir. Yəni, “ASAN xidmət”in əsas xüsusiyyətlərindən biri də odur ki, insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qoruya bildi. İctimai xidmətlər demək olar ki, ən korrupsiyalaşmış sahələrdən biri idi. İnsanlar onlara qanun çərçivəsində təqdim ediləcək bir arayış üçün həftələrlə, bəzən aylarla qapı-qapı gəzirdilər, məmurlardan xahiş edirdilər, bir çox hallarda onlara lazım olan sənədləri rüşvət müqabilində alırdılar. Amma artıq neçə ildir ki, bu praktika Azərbaycanda tamamilə aradan qaldırılıb. Bu, bir də onu göstərir ki, harada güclü iradə var, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq.
Bildiyiniz kimi, “ASAN xidmət” mənim təşəbbüsümlə yaradılmışdır və mənim göstərişlərim əsasında öz fəaliyyətini genişləndirmişdir. Ancaq “ASAN xidmət”i yaradan sizsiniz, gənclərdir – “ASAN xidmət”in rəhbərləri, kadrları, işçiləri. Bu gün biz elə bir mükəmməl sistem yaratmışıq ki, haqlı olaraq bununla fəxr edə bilərik. İnsanların rahatlığını, ədaləti, şəffaflığı təmin etdik. Ona görə “ASAN xidmət”, sadəcə olaraq, bir xidmət mərkəzi deyil, tamamilə yeni bir təfəkkürün ortaya qoyulması, ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin tətbiq edilməsidir. Ölkəmizin müasir inkişafı ilə tam uzlaşan bir təşəbbüsdür, böyük bir layihədir. Bunun çox böyük ictimai mənası var. Əlbəttə ki, burada işləyən insanlar, öz xidmətləri, öz işləri ilə “ASAN xidmət”i bu yüksək səviyyəyə qaldırdılar. Çünki hətta ən yaxşı bir layihə, ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur.
Mən çox şadam ki, “ASAN xidmət” mərkəzlərində işləyənlərin mütləq əksəriyyəti, demək olar ki, hamısı gənclərdir, o cümlədən könüllülər bütün mərkəzlərdə fəaliyyət göstərirlər. Mənə verilən məlumata görə, Ağcabədi “ASAN xidmət” mərkəzində 200-dən çox işçi və 45 könüllü fəaliyyət göstərəcək. Əslində, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlamışdır. O vaxta qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. “ASAN xidmət”dən sonra digər sahələrdə də könüllülər fəaliyyətə başladılar. O cümlədən ölkəmizdə keçirilmiş böyük beynəlxalq idman yarışlarında – Avropa və İslam Həmrəyliyi oyunlarında könüllülər böyük xidmət göstərmişlər. Könüllülərsiz biz bu böyük yarışları keçirə bilməzdik. Bu gün mənim göstərişimlə digər sahələrdə də könüllülər fəaliyyət göstərir. Mən göstəriş vermişəm ki, dövlət təşkilatlarında, nazirliklərdə, dövlət şirkətlərində könüllülər işə cəlb edilsin, onlar təcrübə keçsinlər. Çünki bugünkü könüllülər sabahın rəhbərləridir. Təsadüfi deyil ki, mənim Sərəncamımla bu il “Könüllülər ili” elan edilmişdir. Bu, bir daha bizim könüllülərin fəaliyyətinə göstərdiyimiz diqqəti və münasibəti əks etdirir.
Beləliklə, gənclər “ASAN Həyat”, “ASAN xidmət” mərkəzlərində fəaliyyətləri ilə Vətənə çox böyük xidmət göstərmiş olurlar. Əlbəttə ki, burada peşəkarlıq da yüksək səviyyədədir. Ümumiyyətlə, qeyd etdiyim kimi, ictimai münasibətlərin tamamilə yeni forması Azərbaycanda tətbiq olunur. Çünki əvvəlki dövrdə ictimai xidmətlər sahəsində korrupsiyadan, rüşvətxorluqdan başqa, deyə bilərəm ki, kobudluq, laqeydlik də adi bir hala çevrilmişdir. Amma “ASAN xidmət” mərkəzlərində buraya gələn hər bir vətəndaşa hörmət göstərilir, onların problemləri operativ qaydada, şəffaf şəkildə həll olunur. Ona görə biz haqlı olaraq fəxr edə bilərik ki, “ASAN xidmət” Azərbaycanın milli brendidir. Təsadüfi deyil ki, BMT “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirib, xüsusi mükafat təqdim edib. Əlbəttə ki, bu xidmətin beynəlxalq müstəvidə tanıdılması ölkəmiz haqqında düzgün təsəvvürün yaranmasında da rol oynayır.
Biz əməkdaşlığa açığıq. Qeyd etdiyim kimi, biz artıq bir neçə ölkə ilə bu mərkəzlərin o ölkələrdə yaradılması ilə əlaqədar işlər görmüşük və müvafiq addımlar da atılıb. Növbəti mərhələdə həm bu il, həm gələn il bölgələrdə, Bakı şəhərində yeni mərkəzlərin açılışı nəzərdə tutulur. Hazırda Bakıda beş mərkəz fəaliyyət göstərir. Ancaq bildiyimə görə, bəzi mərkəzlərdə sıxlıq müşahidə olunur. Çünki birincisi, xidmətlərin sayı artdı. “ASAN xidmət” fəaliyyətə başlayanda xidmətlərin sayı, səhv etmirəmsə, 100-ə qədər idi, indi isə 320-dir. Əhali də artır və müraciətlərin sayı da artır. Ona görə Bakı şəhərində əlavə iki mərkəzin yaradılması ilə bağlı qərar qəbul edildi. Eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərinin hər birində ikinci mərkəzin açılışı nəzərdə tutulur və digər şəhərlərdə.
Nəzərə alsaq ki, “ASAN xidmət”in 10 səyyar avtobusu fəaliyyət göstərir, hesab edirəm ki, biz, növbəti 2-3 il ərzində ölkəmizin bütün bölgələrini əhatə edəcəyik və insanlara çox gözəl xidmət göstərəcəyik. Mən hər bir yeni mərkəzin açılışında bir yenilik də görürəm. Çünki “ASAN xidmət” öz fəaliyyətini genişləndirir, ABAD kimi brend artıq fəaliyyətdədir və ailə təsərrüfatlarının inkişafı ilə əlaqədar dövlət dəstəyi xüsusi rol oynayır. Ölkəmizin müxtəlif yerlərində fəaliyyət göstərən ailə təsərrüfatları öz məhsullarını artıq bazara çıxarırlar, eyni zamanda, ixrac etməyə başlayırlar. Bu da ümumi iqtisadi inkişafımıza böyük töhfədir.
Bildiyiniz kimi, hazırda biz özünüməşğulluq proqramı ilə ciddi məşğuluq. Bu il ən azı 10 min insan bu proqrama cəlb ediləcək. O cümlədən ABAD xətti ilə yaradılan kiçik istehsalat sahələri də özünüməşğulluq proqramına böyük dəstəkdir. Bilirəm ki, mənim çağırışımla özəl şirkətlər də ABAD-la müqavilələr bağlayıb, onlara vəsait ayırıb ki, bu sahədə işlər daha geniş vüsət alsın.
Bu mərkəz Ağcabədi rayonu üçün yeni bir xidmət, istirahət, eyni zamanda, əyləncə mərkəzi olacaqdır. Burada iki kinoteatr fəaliyyət göstərir. Bildiyimə görə, Ağcabədi şəhərində kinoteatr yoxdur. Burada gənclərin asudə vaxtlarını keçirmələri üçün imkanlar var, ABAD ticarət mərkəzi fəaliyyət göstərir. Ona görə bu mərkəz insanları cəlb edəcək. Ağcabədi gəncləri burada işlə təmin olunurlar. Qeyd etdiyim kimi, 200-dən çox iş yeri yaradılır ki, bu iş yerlərində gənclər çalışacaqlar.
Bu mərkəzin Ağcabədi rayonunda yaradılması təsadüfi deyil. Ağcabədi əhali baxımından ölkəmizin ən böyük rayonlarından biridir. Ağcabədi Qarabağ torpağında yerləşir və son illərdə rayonun inkişafı üçün bir çox işlər görülübdür. Bu, mənim Ağcabədiyə Prezident kimi 7-ci səfərimdir və bu illər ərzində çox böyük işlər görülübdür. Ağcabədidə infrastruktur tamamilə təzələnib. Elektrik enerjisi ilə bağlı əvvəlki illərdə problemlər var idi. İndi bu problemlər aradan qaldırılır. Bu gün Ağcabədidə açılacaq yeni yarımstansiya rayonu dayanıqlı enerji ilə təchiz edəcək. Ağcabədidə qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur. Cəmi bir neçə il bundan əvvəl burada insanlar ümumiyyətlə qazın nə olduğunu unutmuşdular. Şəhərin, kəndlərin qaz təchizatı yox idi. İndi qaz təchizatı 90 faizdən çoxdur. Yeni yolların çəkilişi. Mənim növbəti sərəncamlarımda yeni yol infrastrukturunun yaradılmasına əlavə vəsait ayrılması nəzərdə tutulub. Mənə verilən məlumata görə, Ağcabədi rayonunun şəhər və kənd yollarının 60 faizi yenidən qurulur. Qalan 40 faiz üçün də bizim proqramlarımız var. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında onlar təsbit edilib. Biz bütün yolları abadlaşdıracağıq.
İçməli su layihəsi öz həllini tapır. Bu gün biz Ağcabədi şəhərinə içməli suyun verilməsini qeyd edəcəyik. Bu da böyük layihədir. Çünki həmişə Ağcabədidə içməli su böyük problem idi. Bu məsələ də öz həllini tapır. Mənim Sərəncamımla suvarma suyu ilə bağlı 115 subartezian quyusu qazılıbdır və əlavə 30 quyu qazılacaq. Çünki kənd təsərrüfatının inkişafı üçün su əsas amillərdən biridir.
Rayon mərkəzi xəstəxanası tikilib. Ölkəmizin rayonlarda yerləşən ən böyük xəstəxanalarından biridir. Özü də müasir standartlara cavab verən avadanlıqla təmin edilib. Olimpiya İdman Kompleksi, Qarabağ Muğam Mərkəzi, “ASAN Həyat” kompleksi – bütün bunlar mənim təşəbbüsümlə və dövlət büdcəsi hesabına görülmüş işlərdir. Ona görə Ağcabədi rayonunun infrastrukturuna, sosial obyektlərinə, insanları narahat edən problemlərin həlli üçün nəzərdə tutulmuş layihələrə çox böyük vəsait qoyulubdur. Bu, bir daha onu göstərir ki, ölkəmizin hər bir yerində işlər bu səviyyədə görülməlidir, plan üzrə, ardıcıllıqla, prioritetləri düzgün müəyyənləşdirməklə. Bunları biz etmişik. Əgər infrastruktur layihələri icra edilməsəydi, o biri layihələrin, ümumiyyətlə, əhəmiyyəti olmazdı. Bu təməli biz yaratmışıq. Ona görə indi iqtisadi inkişaf daha sürətlə getməlidir.
Kənd təsərrüfatını texnika ilə tam təmin etmişik. Bu gün Ağcabədidə biçin mövsümünə artıq start verildi. Nəinki Ağcabədi rayonunu, bütün ölkəmizi, taxılyığan, pambıqyığan kombaynlarla tam təmin etmişik, özü də dünyanın ən qabaqcıl şirkətlərinin istehsalı olan kombaynlarla. Bizim kəndlilər, fermerlər bunu görməyiblər. Sovet vaxtından qalan sınıq-salxaq kombaynları onlar güc-bəla ilə təmir edirdilər, çalışırdılar ki, onlara xidmət göstərsinlər. Onlar da dəqiqəbaşı sınırdı, sonra sıradan çıxırdı. Bir neçə il ərzində texnika təchizatı, ümumiyyətlə, mövcud deyildi. Ona görə torpaqlar qalmışdı başsız, əkin-biçin getmirdi. Bunu da həll etmişik. Ona görə bu, gözəl bir təməldir. İndi bütün infrastruktur yaradılıb, texnika ilə təchiz edilib. Əsas indi sahibkarlar gərək öz sözünü desinlər. Ağcabədidə dörd iri fermer təsərrüfatı yaradılıb. Taxılçılıqda fermer təsərrüfatlarının xüsusiyyəti ondadır ki, məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan qat-qat üstündür, o cümlədən pambıqçılıqda. Biz ölkəmizi bu yolla inkişaf etdirəcəyik və iqtisadiyyatımızın şaxələndirilməsini təmin edəcəyik.
Əlbəttə, “ASAN xidmət”in fəaliyyətinə qayıdarkən, bir daha demək istəyirəm ki, bu xidmətin timsalında bizim müasir yanaşmamız görünür. Onu görürük və sübut edirik ki, korrupsiya ilə, rüşvətxorluqla nəinki mübarizə aparmaq mümkündür, uğur qazanmaq mümkündür. Biz bütün vasitələrdən istifadə edirik. Əlbəttə, hesab edirəm ki, burada əsas rol sistem xarakterli tədbirlərdir. Çünki artıq “ASAN xidmət”in timsalında görürük ki, burada bu, mümkündür. Ona görə, bu sistem xarakterli institusional tədbirlərlə biz korrupsiyanın, kölgə iqtisadiyyatının meydanını daraldırıq. Ancaq bununla yanaşı, inzibati tədbirlər və cəza tədbirləri görülür və görüləcək. Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı məlumatlandırılır. Deyə bilərəm ki, mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənir və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır. Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır. Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq. Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək olmaz və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var. Ona görə, ilk növbədə, ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizə sayəsində görülmüş işlərə yüksək qiymət verərək Azərbaycanı nümunəvi ölkə adlandırıb. Bəlkə də başqa ölkələr haqqında oxşar fikirlər səsləndirilib, amma mən eşitməmişəm. Amma Azərbaycana gəldikdə, Ümumdünya Səhiyyə Təşkilatı, o təşkilat ki, dünya miqyasında bütün səhiyyə sahəsində işlərə rəhbərlik edir və işləri koordinasiya edir, Azərbaycanı nümunəvi ölkə adlandırıb.
Bütün bunlar bir daha ona göstərir ki, birincisi, Azərbaycan güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun sağlamlığıdır. Bu, onu göstərir ki, bizim tədbirlərimiz məqsədyönlüdür, səmərəlidir, vaxtında atılmış cəsarətli addımlardır. Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, – baxmayaraq ki, neftin qiyməti düşüb, – xərclədik və xərcləyirik. İnsanların sağlamlığı birinci yerdədir. Bu, onu göstərdi ki, ən çətin böhranlı anlarda biz düzgün addım ata bilərik və güclü iradə göstərə bilərik. Mən hər gün insanlardan yüzlərlə təşəkkür məktubu alıram. Onların cəmi bir hissəsi mətbuatda dərc edilir. İnsanlar bu məktublarda minnətdarlıqlarını bildirirlər. Mənim üçün görülmüş bu işlərə verilmiş ən yüksək qiymət vətəndaşların buna münasibətidir.
Mən bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə fəaliyyətinizdə uğurlar diləmək istəyirəm. Əminəm ki, siz – “ASAN xidmət”də çalışan işçilər, könüllülər, öz işinizlə ölkəmizin ümumi inkişafına töhfə verəcəksiniz. Bir daha təbrik edirəm. Sağ olun.
X X X
Sonra Ağcabədi “ASAN xidmət” mərkəzinin əməkdaşı Tural NAĞIYEV çıxış edərək dedi:
– Möhtərəm cənab Prezident, Sizi Qarabağımızın doğma diyarı olan Ağcabədidə salamlayıram. Bu gün Sizin qarşınızda çıxış etməklə böyük qürur yaşayıram.
Möhtərəm cənab Prezident, dövlətçiliyimizin, müstəqilliyimizin inkişafı meyillərinə uyğun olaraq, gənclərimizin daha da yaxşı təhsil alması və aparıcı qüvvəyə çevrilməsi olduqca önəmli amildir. Bu baxımdan Sizin rəhbərliyinizlə gənclərlə bu formada görülən tədbirlər sayəsində Azərbaycan gəncliyinin inkişafına təkan verilmiş və bizlərin cəmiyyətdə fərd olaraq özümüzü təsdiq etməyimizdə böyük rol oynamışdır. Bu dediklərimə bariz nümunə olaraq, Sizin müəllifi olduğunuz və dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” mərkəzləri dövlət idarəetməsində mühüm bir istiqamətə çevrilmişdir. Belə ki, yarandığı gündən etibarən şəffaflığı, korrupsiyaya qarşı mübarizəni və eləcə də elektron sahədə institusional islahatların səmərəliliyinin artırılması və nəhayətdə Sizin tapşırığınıza əsasən vətəndaşlara ləyaqətlə xidmət etməyi özünə ümdə vəzifə seçmiş “ASAN xidmət” mərkəzləri bu gün, Sizin də bayaq qeyd etdiyiniz kimi, 38 milyon vətəndaş müraciətini cavablandırmışdır. Sevindirici digər bir hal ondan ibarətdir ki, bu xidmətlərin həyata keçirilməsində 4500 nəfər işçi heyəti iştirak etmişdir. Bunların da mütləq əksəriyyəti məhz gənclərdir.
Cənab Prezident, COVID-19 virusu qlobal təsirini hələ də saxlamaqdadır. Lakin buna baxmayaraq, ölkəmizdə virusun yarandığı ilk dövrdən etibarən dövlət tərəfindən aparılan təcili, zəruri və təxirəsalınmaz tədbirlər sayəsində pandemiyanın zərərləri minimuma endirilmişdir. Bununla bərabər, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə dünya ölkələri, beynəlxalq təşkilatlar və eləcə də tanınmış nəhəng şirkətlərin rəhbərləri ilə videokonfrans vasitəsilə həyata keçirdiyiniz tədbirlər düşünürük ki, pandemiyaya qarşı ümumi mübarizəni daha da mütəşəkkil etmişdir. Bu tədbirlər fonunda qeyd etmək istərdim ki, may ayının 14-də hökumətlərarası COVID-19-a qarşı mübarizədə “ASAN Qlobal” veb-forumu keçirilmişdir. Bu veb-foruma dövlət agentliyi ev sahibliyi etdi. Forumda mütləq olaraq qeyd edildi ki, ölkəmizdə pandemiya dövründə vətəndaşlarımıza bir çox sahələrdə və bir çox xidmətlər üzrə yeni innovasiyalardan, texnologiyalardan istifadə edilərək rahat, çevik və fasiləsiz çıxış imkanı təmin olundu. Bir çox dövlətlər bu fürsətlərdən istifadə etmək, eyni zamanda, bu təcrübədən yararlanmaq üçün öz rəsmi müraciətlərini ünvanlamışlar.
Möhtərəm cənab Prezident, çıxışımın sonunda qeyd etdiyim bütün bu məqamlar, əslində, ölkə rəhbərliyinin xalqa, bilavasitə gənclərə olan diqqət və qayğısını əks etdirməkdədir. Belə ki, biz bir gənc olaraq öz üzərimizə düşən vəzifəni anlayaraq, yaxşı təhsil alıb öz ixtisasımıza dərindən yiyələnib, heç bir əks təsirin Vətən sevgisini üstələməsinə izn vermədən bu mirası gələcək nəsillərə ərməğan etməliyik. Odur ki, yaşasın dövlətimiz və onun müstəqil, müasir və mübariz gəncliyi!
Diqqətinizə görə minnətdaram.
x x x
Daha sonra “ASAN könüllüsü” Aytac Abdullayeva çıxış edərək dedi:
– Möhtərəm cənab Prezident, əvvəla, Sizi salamlayıram. Sizi doğma Ağcabədimizdə görməkdən çox şadıq. Ağcabədi sakinləri, eləcə də biz gənclər rayonumuzda “ASAN xidmət” mərkəzinin açılacağı günü səbirsizliklə gözləyirdik. Bir tərəfdən region əhalisi bir məkandan şəffaf qaydada bir çox dövlət və özəl xidmətlərdən yararlanacaq, digər tərəfdən isə gənclərimizə əlavə fürsətlər açılacaq. Biz və bizim kimi çoxlu gənclər bu qurumun bir parçası olaraq könüllü fəaliyyət göstərmək, dövlətimizə və xalqımıza fayda vermək istəyirik.
Möhtərəm Prezident, “İnsanların əsl gücü ən çətin məqamlarda bilinir”, – deyə bir deyim var. Bu gün pandemiya dövründə Sizi yanımızda görmək bizim gücümüzə güc qatır. Biz bu çətin günlərdə Sizin “Biz birlikdə güclüyük!” şüarınız altında xalqımızın birliyinin bir daha şahidi olduq. Biz könüllülər də “Könüllülər ili”ndə bu prosesdən kənarda qala bilməzdik.
Siz çıxışlarınızdan birində yaşlı tənha insanların ehtiyaclarının təmin olunması üçün biz könüllülərə səsləndiniz. Elə bununla da ölkəmizin hər yerində bütün könüllülər səfərbər oldular. “ASAN könüllüləri” olaraq yaşı 65-dən yuxarı tənha yaşayan mindən çox insanı ərzaqla və bir çox tibbi vasitələrlə təmin etdik. Bizlər karantin elan olunan vaxtdan tibb işçiləri ilə birgə aeroportda vətəndaşların qarşılanmasına, məlumatlandırılmasına və zəruri ilkin tibbi ləvazimatlarla təmin olunmasına kömək etdik. Biz “ASAN könüllüləri” qana ehtiyacı olan, qan xəstəliyindən əziyyət çəkən insanlara qan donorluğu edib onların həyatda qalmalarına yardımçı olduq. Xüsusi qayğıya ehtiyacı olan 2 mindən çox uşağı və ailəsini ərzaqla təmin etdik. Biz “Könüllülər ili”nin tam mənada fədakarcasına yaşandığını gördük. Biz hamımız əminik, Sizin dediyiniz kimi, milli həmrəylik, məsuliyyət, milli birliyimiz imkan verəcək ki, biz bu xəstəliyə qalib gələk.
Bu gün biz Qarabağ gəncləri olaraq çox rahatıq. Çünki bilirik ki, arxalana biləcəyimiz dövlətimiz və Siz varsınız, cənab Prezident. Eyni zamanda, dövlətimiz də bizə arxalana bilər. Çünki biz də digər könüllülər kimi xalqımızın və dövlətimizin rifahı üçün əlimizdən gələn hər şeyi edəcəyik. Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümüzü bildirirəm. Bunu da qeyd etmək istəyirəm ki, biz də hər zaman Sizin yanınızdayıq.
x x x
Prezident İlham Əliyev: Çox sağ olun. Sizi bir daha təbrik edirəm. Sizə uğurlar arzulayıram. Özünüzə yaxşı baxın, vətəndaşlarla məsafə saxlayın.