Ağdam rayonunun Quzanlı qəsəbəsində 22 iyul – Milli Mətbuat Günü münasibətilə Qarabağ bölgəsində fəaliyyət göstərən bir qrup media nümayəndəsi ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələrinin də iştirak etdiyi görüşdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov milli mətbuatın yaranmasının ildönümü münasibətilə media nümayəndələrini təbrik edib, Azərbaycan mətbuatının zəngin və şərəfli yoluna, “Əkinçi” qəzetinin fəaliyyətinə nəzər salıb, ölkəmizdə bu sahəyə göstərilən dövlət qayğısından danışıb.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirməsindən, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməsindən, onun siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğıdan bəhs edilib.
Sonda bir qrup media nümayəndəsi mükafatlandırılıb.