Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhər ərazisində “Əriklik” adlı kafenin gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb. Polis əməkdaşları dərhal kafenin fəaliyyətini dayandırıb.
Obyektin sahibi Elçin Əkbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, müştərilər barəsində qanunamüvafiq tədbir görülüb.
Ağstafa rayon Məhkəməsinin qərarı ilə E. Əkbərov 5 sutka inzibati həbs edilib.