Gənclər və İdman Nazirliyi Ağstafa rayonunda “Sağlam məhəllə” idman zonasını istifadəyə verib. İdman zonasında minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib.
AZƏRTAC xəbər verir ki Ağstafa şəhər Hüseyn Arif küçəsindəki yeni məhəllədə təşkil edilən açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, idman ustaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Sağlam məhəllə”də minifutbol, basketbol və voleybol meydançaları, eləcə də hər yaş qrupuna uyğun idman avadanlıqları yerləşdirilib. Nazir burada yaradılmış şəraitlə yaxından tanış olub və sakinlərlə, gənclərlə görüşüb, onların fikir və təkliflərini dinləyib.
Bildirilib ki, ölkədə idmanın inkişafının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda idman siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ağstafa rayonunda idman qurğu və avadanlıqlarının istifadəyə verilməsi ilə rayon gənclərinin və yeniyetmələrinin asudə vaxtlarının səmərəli keçirilməsində çox böyük önəm daşıyır. “Sağlam məhəllə” layihəsi çərçivəsində yaxınlıqdakı küçələrdə və kəndlərdə yaşayanlar da yararlana biləcəklər.
Qeyd edək ki, bu, Azərbaycanda istifadəyə verilən sayca yeddinci “Sağlam məhəllə”dir. Layihə Gənclər və İdman Nazirliyi tərəfindən əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə həyata keçirir.