Azərbaycanda hər zaman şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına və aztəminatlı ailələrə diqqət və qayğı göstərilir. Bayramlarda, əlamətdar günlərdə bu kateqoriyadan olan insanlara baş çəkilir, maddi-mənəvi dəstək göstərilir. Bu aksiyada iştirak edən ictimai təşkilatlardan biri də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıdır.
AZƏRTAC xəbər verir ki, ənənənin davamı olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə iyunun 25-də ölkəmizin rayonlarında yaşayan 4100 aztəminatlı ailəyə, o cümlədən şəhid və qazi ailələrinə ərzaqla dolu avtomobil karvanı yola salıb. Bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 1250 ailəyə də bayram sovqatı göndərilib.
Qeyd edək ki, AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə həssas kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev jurnalistlərə müsahibəsində ölkəmizdə müxtəlif sosial layihələr icra olunduğunu bildirib. Həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdıran Səttar Möhbalıyev bu istiqamətdə həyata keçirilən tədbirlərdə ölkəmizin aparıcı ictimai təşkilatlarının da fəal iştirak etdiyini, bu cür humanist layihələrə dəstək verdiyini qeyd edib.
“Heydər Əliyev Fondu bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə seçilir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, bayram süfrələri təşkil olunur. Azərbaycan Həmkarlar İttifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır”, – deyə AHİK-in sədri vurğulayıb.
Sovqatla dolu maşın karvanı yola düşdükdən sonra Səttar Möhbalıyev Birinci Qarabağ müharibəsinin bir qrup iştirakçısı və qazisi, şəhid ailələrinin üzvləri, həmçinin aztəminatlı ailələrdən olan vətəndaşlarla görüşüb. Onları qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edən AHİK sədri onların qayğı və problemləri ilə maraqlanıb, müraciətlərini dinləyib. Sonda görüş iştirakçılarına maddi-mənəvi dəstək göstərilib. Vətəndaşlar diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, AHİK İcraiyyə Komitəsinin müvafiq qərarları əsasında 2020-ci ildə 3900, 2021-ci ildə 7900, 2022-ci ildə 13 min 65, cari ilin mart ayında isə 4650 şəhid ailəsi və qazi, həmçinin aztəminatlı ailələr üçün sovqat göndərilib. Eləcə də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına orada yaşayan həmin kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün hər dəfə maliyyə vəsaiti ayrılıb.