Ötən gün Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı Azərbaycanın 7 vətəndaşı saxlanılıb.
“Report”un Avropa bürosu xəbər verir ki, Almaniyada qanunsuz miqrasiya işləri (“miqrant alveri”) ilə məşğul olmaqda şübhəli bilinən cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Barələrində həbs qətimkan tədbiri seçilən şəxslər aşağıdakılardır:
1. Elçin Əkbərov – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi,
2. İlham Həsən – Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı,
3. Mehdi Xəlilbəyli – Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini,
4. Abdin Cavadov – Müsavat AKM-in üzvü,
5. Əlövsət Əliyev – “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi,
6. Rəşad Məmmədov – Mehdi Xəlilbəylinin sürücüsü,
7. Elşən Abdullayev – Müsavat Partiyasının üzvü
Qeyd edək ki, ötən gün Almaniyada polis “miqrant alveri” ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat təşkil edib.
Federal Kriminal polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib.
Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb.