Bu gün Müasir İncəsənət Mərkəzində “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində ekspozisiyaların açılışı və layihələrin təqdimatı keçirilib.
Türk.az-ın məlumatına görə, biennalenin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttfaqıdır.
Bu dəfəki biennale Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, ölkədə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunub.
Biennaledə rəngkarlıq, qrafika, heykəltəraşlıq, installyasiya, video-art, fotoəsərlər, habelə Azərbaycan, Almaniya və Gürcüstan rəssamlarının performansları nümayiş olunacaq.
Həmçinin UNESKO-nun patronajlığı ilə keçirilmiş Birinci Antarktida Biennalesi (2017) haqda filmin təqdimatı təşkil olunacaq, “Müasir incəsənət bu gün, nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçiriləcək.
“Alüminium” VI bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində keçiriləcək sərgilər Şirvanşahlar Sarayı, Muzey Mərkəzi, V.Səmədova adına Sərgi Salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi, “Qalereya 1969” və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda təşkil olunacaq.
Qeyd edək ki, 2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar iştirak ediblər.
Növbəti biennaledə xarici ölkələrdən 40-dan çox rəssam və 30-dək Azərbaycan rəssamının iştirakı gözlənilir.
İncəsənət Biennalesi noyabrın 25-dək davam edəcək.