Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında yeni vitse-prezidentlər seçilib.
“Report” xəbər verir ki, AMEA-nın prezidenti Akif Əlizadə vitse-prezidentlərin sayının üç nəfər artırıldığını diqqətə çatdırıb.
Belə ki, akademik Nərgiz Paşayeva həm AMEA Rəyasət Heyətinin yeni üzvü və təhsil sahəsi üzrə vitse-prezident seçilib. İradə Hüseynova biologiya sahəsi üzrə Rəyasət Heyətinə həm üzv seçilib, həm də vitse-prezident olub. AMEA-nın müxbir üzvü Bilal Bilalov isə Rəyasət Heyətinin üzvü vəzifəsini icra edən seçilib.
AMEA-nın əvvəlki vitse-prezidentləri – akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev və Dilqəm Tağıyev öz vəzifələrini yenə də icra edəcəklər.
Bundan başqa, səsvermə nəticəsində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov, Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik-katibi Nazim Məmmədov, Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov, Kimya Bölməsinin akademik-katibi Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova, Humanitar Elmlər Bölməsinin akademik-katibi isə Teymur Kərimli olub.