Bu gün Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin 75 yaşı tamam olur.
Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevin “Report”a verdiyi məlumata görə, bununla bağlı mərhumun qəbri ziyarət ediləcək.
Abdullayevin sözlərinə görə, ziyarət karantin qaydalarına görə məhdud çərçivədə olacaq: “Biz 5-6 veteran futbolçu qəbrini ziyarət edəcəyik. Kollektiv şəklində getməyə icazə yoxdur. Yalnız kiçik qruplarla getmək olar. Kim onunla oynayıb, işləyib, yaxından tanıyır və sevirsə, gedəcək”.
Sədr onu da əlavə edib ki, Banişevskinin 75 illik yubileyi ilə əlaqədar nəzərdə tutulan oyunun təşkilinə Operativ Qərargah icazə verməyib: “Bayıl qəsəbəsindəki “ASCO Arena”da məşqçilər və veteranlar arasında bu gün oyun keçirməyi planlaşdırırdıq. Qarşılaşmada yığmanın, klubun baş məşqçiləri və məşqçiləri də yer almalı idı. Lakin toplaşmağa icazə vermədilər. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) icazə versə də, Nazirlər Kabineti yanında Operativ Qərargah razılaşmadı. Biz də qərarlaşdırdıq ki, onun 75 illiyinə həsr edilmiş oyunu 2-3 aya keçirək”.
Qeyd edək ki, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olmuş Anatoli Banişevski “ağ-qaralar”ın heyətində (1964 – 1973, 1975 – 1978) SSRİ çempionatlarında 288 oyunda 121, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub. 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) “Neftçi”ni mərhum forvardı “Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur.
SSRİ-nin əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan Banişevski daha sonra “Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirin “Avtomobilçi” klubunda (1984 – 1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və “Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. O, ölümündən bir il əvvəl “Şöhrət” ordeni ilə təltif olunub.