ANKARA—BAKI MEQAREGİONAL STRATEJİ BLOKU: TURANA DOĞRU ADDIM

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan iyulun 9-da andiçmədən sonra ilk xarici səfərini Azərbaycana, daha sonra Quzey Kipr Türk Cümhuriyyətinə etdi.

İyulun 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.  Hər iki dövlət rəhbərinin bəyanatlarında olduqca ilginc məqamlar vardır.

İLGİNC MƏQAMLAR

Öz çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir: “…Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Biz bütün məsələlərdə bir yerdəyik, bütün beynəlxalq məsələlərdə bir-birimizi daim dəstəkləyirik, bir-birimizin yanındayıq. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərir. Dünya miqyasında bu məsələ ilə bağlı Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyədir.

Bildiyiniz kimi, uzun illərdir ki, torpaqlarımız Ermənistan tərəfindən işğal edilib. Bu işğal nəticəsində xalqımız etnik təmizləməyə məruz qalıb. Bu münaqişənin tezliklə həlli beynəlxalq hüquq normalarının bərpası demək olacaqdır. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul etmişdir. Orada açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycanın torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr icra edilməlidir, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır.

Türkiyənin bu məsələ ilə bağlı mövqeyi beynəlxalq hüquq normalarına uyğundur və eyni zamanda, Türkiyə-Azərbaycan qardaşlığına, dostluğuna əsaslanır. Azərbaycan da öz növbəsində, bütün məsələlərdə daim Türkiyəni dəstəkləyir. Bizim birgə fəaliyyətimiz bundan sonra da davam etdiriləcəkdir”.

“…Bizim birgə səylərimiz nəinki ölkələrimiz üçün, bütün bölgə üçün və Avrasiya üçün böyük əhəmiyyət daşıyır. Türkiyə-Azərbaycan birliyi, dostluğu regional sabitlik üçün böyük fayda verir. Əminəm ki, Türkiyənin və Azərbaycanın birgə səyləri ilə bölgədə sülh yaranacaq. Türkiyənin hərbi potensialı çox güclüdür. Dünya miqyasında Türkiyə Ordusu ən güclü ordular sırasındadır. Hərbi sahədə bizim əməkdaşlığımız çox uğurla davam edir. Bu il hərbçilərimiz arasında yeddi hərbi təlim keçiriləcəkdir, onlardan üçü keçirilib. Azərbaycan Türkiyədən böyük sayda hərbi texnika alır. Ötən ay Azərbaycanda keçirilmiş hərbi paradda bu texnikanın bir hissəsi göstərilmişdir” – deyə Dövlət Başçısı İlham Əliyev xüsusi olaraq vurğulamışdır.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi bəyanatındakı ilginc məqamlar bunlardır: “…bizim Türkiyə-Azərbaycan əlaqələrimiz, bildiyiniz kimi, “Bir millət, iki dövlət” anlayışı əsasında inkişaf edir. Bu anlayışa bağlı olaraq əlaqələrimizi bu səviyyəyə çatdırdıq və irəliyə aparmaqda davam edəcəyik… Müdafiə sənayesi sahəsində Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr də bu baxımdan əhəmiyyət daşıyır. Türkiyə müdafiə sənayesi sahəsində, bildiyiniz kimi, bundan 15 il əvvəl möhtac bir millət ikən, indi ehtiyaclarının böyük bir qismini artıq özü ödəyə bildiyi səviyyəyə gəlib – 20 faiz səviyyəsində ikən, hazırda 65 faizini özü ödəyən ölkəyə çevrilib. Bununla da müdafiə sənayesi sahəsində də ixracatı artıran bir Türkiyə var. Təbii ki, bunu qardaş ölkələrlə fərqli bir şəkildə bölüşmək istəyirik…

Bu axşam İlham qardaşım da Brüsselə gedəcək, NATO zirvəsində, görüşlərdə iştirak edəcək. Mən də sabah səhər Brüsselə gedirəm. Orada istər xarici işlər nazirlərimiz, istərsə də biz bir arada olmaqla görüşlər keçirəcəyik. İstəyim odur ki, NATO zirvə toplantısı ilə bağlı keçirəcəyimiz görüşlərdə də bəzi ortaq problemləri gündəmə gətirərək həll etməkdir.”

CİDDİ MESAJLAR

İki dövlət başçısının çıxışında faktiki dünyaya ciddi mesajlar verildi. İlk növbədə Azərbaycan tərəfdən göstərildi ki, ABŞ, Qərb dünyası və NATO ilə bir tərəfdən, Rusiya, ODKB və İran ilə digər tərəfdən aparılan  balanlaşdırılmış siyasətdən fərqli olaraq, Azərbaycan-Türkiyə münasibətləri əlahiddə, strateji, geopolitik baxımdan xüsusidir. Faktiki Bakı-Ankara oxunun artıq formalaşmış bir regional geopolitik blok olması bir daha bütün dünyaya bəyan edildi.

Həmçinin, bu blokun yalnız siyasi, mədəni, regional və ya hər hansı bir digər formatla təzahür etməsilə yanaşı, ilk növbədə hərbi məna ehtiva edildiyi xüsusi olaraq vurğulanır. Söhbət yalnız hərbi silahlı qüvvələrin birgə təlimlərindən getmir. Bu cür təlimləri Azərbaycan və Türkiyə digər regional qonşuları ilə birgə də aparır. Həmçinin, söhbət hərbi sənaye kompleksi sahəsində bilik və təcrübə mübadiləsindən də getmir. Bu sahədə əməkdaşlığı Ankara və Bakı ayrı-ayırılıqda müxtəlif ölkələrlə də aparırlar.

Söhbət regionda Azərbaycan-Türkiyə hərbi blokunun formalaşmasından gedir. Yetərincə ciddi mesajdır! Bu mesaj həm Moskva-Tehran xəttinə, həm də NATO blokuna ünvanlıdır! Əbəs yerə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda verdiyi bəyanatda “İstəyim odur ki, NATO zirvə toplantısı ilə bağlı keçirəcəyimiz görüşlərdə də bəzi ortaq problemləri gündəmə gətirərək həll etməkdir.”-ifadəsini işlətmir! Bu birbaşa bəyanatdır ki, Azərbaycan və Türkiyənin regiondakı və dünyadakı düzəndə ortaq hərbi-strateji məqsədləri var və bu məqsədlərə çatmaq üçün mövcud problemlərin çözülməsi gərəkdir.

Moskva və Vaşinqtona ünvanlı bu mesajın mahiyyəti nə deməkdir? Yəni, Aralıq dənizindən tutmuş Mərkəzi Asiyaya kimi meqa-regionda ya Moskva, ya da Qərb öz mənafelərininən azından, təhlükəsizliyini, güvənliyini təmin etmək niyyətindədirlərsə (əlbəttə ki, onlar bu niyyətdədirlər), onda Azərbaycan-Türkiyə blokunun ortaq mənafeləri ilə hesablaşmağa məcburdurlar!

Nə Gürcüstan, nə də qondarma “ermənistan” bu cür strateji önəm kəsb edə bilməz. Çünki Ankara-Bakı blokunun istər demoqrafik, istər geopolitik, istər hərbi baxımdan nüfuzu transmeqaregional təsir zolağı olaraq, Aralıq dənizinin şərqindən ta Qara dənizi və Xəzər dənizi hövzələrini, Cənubi Qafqazı, Şimali İranı və Cənubi Rusiyanı örtərək Mərkəzi Asiyaya qədər uzanır.

SSRİ dağıldıqdan sonra biz regionda Qara dəniz əməkdaşlıq təşkilatı, MDB, ODKB və s. bloklar yarandığını görməkdəyik. Amma onların iqtisadi perspektivləri, hərbi potensialı Ankara-Bakı oxu qədər deyil, onların dayanaqlığı və funksionallığı da problemlidir. MDB-dən Gürcüstanın çıxması, ODKB üzvləri arasında “erməni işğallarına” dəstək məsələsində mövqe ayrılığı, AB-nin Şərq tərəfdaşlığı, NATO-nun Gürcüstan məsələsində qeyri-müəyyən mövqeyi və s. faktları misal göstərmək olar.

Ankara-Bakı blokunun kökündə isə, bir tərəfdən hər iki dövlətin ortaq mədəni və tarixi amilləri ilə yanaşı digər tərəfdən ortaq təhlükəsizlik və yaşam amilləri durur. SSRİ-nin çöküşündən sonra qəddar gerçəklik hər iki dövlətə qarşı regionda və dünyada eyni anti-türk qüvvələrin durduğunu əyani nümayiş etdirdi. Beləliklə hər iki dövləti yaratmış eyniköklü Türk xalqını bir cinahdan çıxış etməyə məcbur edən faktorlar:həm mənəvi dəyərlər, yəni, ilk növbədə türkçülük, turançılıq ideologiyaları, həmçinin, ortaq düşmənlər və yaşamaq uğrunda mübarizədə amansız gerçəkliyin tələb etdiyi birlik!

Millətçi olaraq Azərbaycanımızın və Türkiyəmizin Dövlət Başçılarının apardıqları bu siyasəti alqışlayırıq. Çünki məqsədimiz Turandır, əsaslarının qurulduğu Ankara-Bakı hərbi-siyasi meqaregional bloku isə, Turana gedən yolda mühüm  addımdır!

Qarxunlu

“Millətçilik” qəzeti

Əvvəlki“Bu cinayətdə iştirakı olanların hamısı məsuliyyətə cəlb olunacaq” – İlham Əliyev
NövbətiXınalıqda 2500 il yaşı olan qədim nekropol aşkar edildi