Ankarada Ənvər paşanın xatirəsi anılıb

Türkiyə paytaxtında Osmanlı dövlətinin məşhur hərbi-siyasi xadimi, Qafqaz İslam Ordusunun yaranmasında müstəsna xidmətləri olmuş Ənvər paşanın xatirəsinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azaflı Sosial Dəstək və Kültür Dərnəyinin nəzdindəki Türk Dünyası Mədəniyyət Mərkəzində keçirilən “Vətənə fəda edilən ömür: Ənvər paşa” mövzusunda tədbirin iştirakçıları Vətən uğrunda canlarından keçmiş Türkiyə və Azərbaycan övladlarının xatirəsini ehtiramla yad ediblər.

“İmperatorluğun son gülləsi: Ənvər” kitabının müəllifi Zefer Tekin tədbir iştirakçılarına Osmanlı dövlətinin sabiq nazirinin həyatının mərhələləri haqqında məlumat verib.

Mövzunu elmlər doktoru Ahmet Acar davam etdirərək Ənvər paşanın Osmanlı dövləti üçün çətin bir dövrdə verdiyi qərarlardan danışıb.

Acar, eyni zamanda, Azərbaycanın dəstəklənməsində hərbi-siyasi xadimin tarixi rolunu vurğulayıb, Ənvər paşanın göstərişi ilə 1918-ci ildə Bakını və Azərbaycanın digər şəhərlərini bolşevik-daşnak quldur dəstələrindən azad edən ordunun yaradıldığını xatırladıb.

Tədbir çərçivəsində Osmanlı dövlətinin mövcudluğunun son illərinə, eləcə də Qafqaz İslam Ordusunun döyüşçülərinə aid arxiv materialları nümayiş etdirilib.

ƏvvəlkiBakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gündüz monitorinqləri yekunlaşıb
NövbətiTürk dövlətləri yeni maliyyə şuralarının yaradılmasını dəstəkləyib