Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Silahlı Qüvvələrin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov, səfirliyin və Hərbi attaşelik aparatının əməkdaşları Ankara şəhərində yerləşən Gülhanə Tədris və Araşdırma Xəstəxanasında və Qazilər Fiziki Reabilitasiya Xəstəxanasında müalicə alan qazimizi, eləcə də digər hərbi qulluqçularımızı və onların ailə üzvlərini müqəddəs Qurban bayramı münasibətilə ziyarət ediblər.
Hərbi attaşelik aparatından AZƏRTAC-a verilən məlumata görə, görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Vətən müharibəsi iştirakçılarına, eləcə də qazilərin müalicəsinə göstərdikləri xüsusi diqqət və qayğıdan danışılıb. Qazimiz, hərbi qulluqçular və onların ailə üzvləri göstərilən diqqət və qayğıya, doğma münasibətə görə minnətdarlıqlarını ifadə ediblər.
Vurğulanıb ki, Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirmiş qazilərimiz və müxtəlif xəstəliklər səbəbindən müalicə alan hərbi qulluqçular daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, digər məsələlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər görülür.