Fevralın 27-də Ankaranın Hacı Bayram Vəli Universitetində Stalin repressiyalarının qurbanı olmuş Türk dövlətlərinin görkəmli ziyalılarına həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “Türk dünyasında repressiyalar: türkoloqlar və türkologiya” adlı konfrans 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 99-cu ildönümünə həsr olunub. Tədbirin təşkilatçıları Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Əhməd Cavad adına İnstitut və Hacı Bayram Vəli Universitetinin rektorluğudur.
Çıxış edənlər Bakıda keçirilmiş Türkoloji Qurultayın bir çox iştirakçılarının faciəvi taleyini türk xalqlarının ziyalılarına göstərilən aşkar təzyiq nümunəsi adlandırıblar.
Universitetin müəllim və tələbələrinə Azərbaycan və digər türk dövlətlərinin Stalin repressiyalarının qurbanı olmuş xalq şairləri Əhməd Cavad və Mikayıl Müşfiq də daxil olmaqla, digər görkəmli alim, maarifçi, şair və yazıçıları barədə məlumatlar verilib.
Kırıkkale Universitetinin professoru Atsız Gökdağ bildirib ki, Azərbaycanda Türkoloji Qurultayın işində 131 alim və ekspert iştirak edib, lakin onlardan çoxu repressiyaya məruz qalmış və sonda ya sürgün edilib, ya da güllələniblər. Onun sözlərinə görə, 1926-cı ildə Bakıda türkoloqlar əlifbanın ərəb dilindən latın dilinə keçid edilməsi mövzusunu müzakirə ediblər. “Məhz bundan sonra Azərbaycanda latın əlifbasında kitab və qəzetlər nəşr edilməyə başladı. Lakin qısa müddət sonra sovet hakimiyyəti əlifbanı dəyişdi, latın əlifbasına keçidi dəstəkləyənləri isə sürgün etdi”, – deyə türkiyəli alim söyləyib.
Gökdağ qeyd edib ki, Bakıdakı Türkoloji Qurultayın yekunlarının bir çox türk xalqlarına təsir etdiyi kimi, Türkiyə hökuməti tərəfindən də latın əlifbasına keçid barədə qərar qəbul edilməsinə səbəb olub.
“Türkiyənin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürk türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsinə çağırış edirdi. Türkiyə hakimiyyətinin 1928-ci ildə latın əlifbasına keçməsinə təsir edən amillərdən biri də türk xalqlarının yaxınlaşması istəyi idi”, – deyə o qeyd edib və türkologiyanı türk xalqlarının milli şüurunun formalaşması üçün vacib sütun adlandırıb.
Türkiyənin Milli Hərəkat Partiyasının sədrinin baş müşaviri, Ankaradakı Əhməd Cavad adına İnstitutun rəhbəri professor Ruhi Ersoy öz növbəsində xatırladıb ki, Bakıdakı Birinci Türkoloji Qurultayın işində Atatürkün göstərişi ilə Azərbaycana göndərilən nümayəndələr də iştirak ediblər. O ümid edib ki, qurultayın 100 illik yubileyi yüksək səviyyədə keçiriləcək.
“Hesab edirəm ki, xalqlarımıza birgə keçmişimiz barədə məlumat vermək vacibdir. Türk dünyasının görkəmli ziyalılarının irsi unudulmayıb və türk dünyasının yaxınlaşması yolunda yeni addımların atılması üçün bir əsasdır”, – deyə Ersoy vurğulayıb.
Universitetin binasında Əhməd Cavad da daxil olmaqla, Stalin repressiyalarının qurbanı olmuş türk dünyasının görkəmli ziyalılarının şəkilləri nümayiş etdirilib.