“Məlum olduğu kimi, ötən ilin 18 avqust tarixindən etibarən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə müəssisələrində gündəlik monitorinqlər həyata keçirilir”.
“Report” xəbər verir ki, bu barədə agentliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva “Facebook” səhifəsində paylaşım edib.
Qurum rəsmisi paylaşımında AQTA-nın ictimai iaşə müəssisələrində həyata keçirdiyi monitorinqlər ilə bağlı son dövrlər səsləndirilən əsassız fikirlərə aydınlıq gətirib: “AQTA tərəfindən indiyədək respublika üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində 56 388 monitorinq keçirilib, sözügedən müəssisələrdə maarifləndirmə (izahedici) və nəzarət tədbirləri aparılıb. Ölkə üzrə fəaliyyət göstərən 11 086 ictimai iaşə müəssisəsində sıxlıq normalarını əks etdirən lövhələrin yerləşdirilməsinə, 6 745 ictimai iaşə müəssisəsində isə karantin tədbirlərinin icrasına məsul şəxslərin təyin edilməsinə nail olunub”.
O qeyd edib ki, sahibkarların bu sahədə mövcud tələblər barədə məlumatlandırılması məqsədilə genişmiqyaslı maarifləndirmə işləri həyata keçirilərək ümumilikdə televiziya və radio vasitəsi ilə 382 çıxış, sosial şəbəkə hesablarında 589 paylaşım, tələblərə dair 100 multimedia materialı hazırlanaraq ictimaiyyətə təqdim edilib: “Eləcə də, metodiki göstərişlərin tələblərini özündə əks etdirən 70 adda poster hazırlanaraq respublika üzrə 11 mindən çox ictimai iaşə müəssisəsində yerləşdirilməsi təmin olunub. Lakin görülən bütün tədbirlərə baxmayaraq keçirilən monitorinqlər zamanı hələ də qaydaları kobud şəkildə pozan sahibkarlıq subyektlərinə rast gəlmək olur. Bəzi kafe və restoranlarda xəbərdarlıqlara məhəl qoymadan adambaşına müəyyən edilən sıxlıq normalarına əməl edilməməsi, masalar və oturacaqlararası tələblərin pozulması, məsul şəxslərin təyin edilməməsi, bir masa ətrafında 6 nəfərdən çox şəxsin əyləşməsi ilə korporativ tədbirlərin keçirilməsi halları qeydə alınıb.
Əfsus ki, bəzi kütləvi informasiya vasitələrində ictimai iaşə müəssisələrinin karantin rejimi dövründə əsassız cərimələnməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayımlanır. İddia olunur ki, Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən eyni masa arxasında əyləşən ailə üzvlərinin qaydalara əməl etməməsi əsas gətirilərək sahibkarlıq subyekti barədə inzibati cərimələr tətbiq edilir. Nəzərinizə çatdıraq ki, bu kimi məlumatlar tamamilə reallıqdan kənardır və həqiqətləri əks etdirmir.
Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən yalnız qanunvericiliyin tələblərinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər keçirilir. Agentik tərəfindən qanunvericilikdə nəzərdə tutulan tələblərə və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl edilmədiyi hallarda sahibkarlıq subyektləri barədə cərimələr tətbiq edilir.
Nəzərə almaq lazımdır ki, pandemiya şəraiti bütün sahələrə təsirsiz ötüşməyib, sərt karantin rejimi dövründə hətta kafe və restoranların fəaliyyəti bir müddət məhdudlaşdırılıb. AQTA və aidiyyəti qurumların həyata keçirdiyi reydlər zamanı məqsəd sahibkarlara qarşı cərimələrin tətbiqi deyil, yenidən sərt karantin rejiminə keçməyi zəruri edəcək vəziyyətin yaranmasının, yoluxma hallarının sürətlə artmasının qarşısının alınmasıdır. İctimai iaşə müəssisələri insanların sıx toplaşdığı yerlər olduğundan belə məkanlarda qaydalara əməl edilməməsinin virusun yayılma intensivliyinə birbaşa təsir göstərdiyini nəzərə alaraq sahibkarlar öz məsuliyyətlərini dərk etməli, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməlidirlər.
Onu da qeyd edim ki, ictimai iaşə müəssisələrində monitorinqlər bundan sonra da davam etdiriləcək və qaydalara əməl etməyən sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək”.