Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) struktur dəyişiklikləri edilib. Agentliyin mövcud olan 11 regional bölməsi iqtisadi rayonların yeni bölgüsünə uyğun formalaşdırılıb.
AQTA-dan Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq, işğaldan azad edilmiş əraziləri də əhatə edəcək Qarabağ və Şərqi Zəngəzur, həmçinin Mil-Muğan regional bölmələri yaradılıb. Qarabağ və Şərqi Zəngəzur regional bölmələrinin yaradılmasında əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət tədbirlərinin görülməsi, o cümlədən həmin ərazilərə köçürüləcək əhalinin təhlükəsiz qida ilə təminatına şərait yaratmaqdan ibarətdir.
Dəyişikliklərə əsasən, Bərdə rayonunda yerləşən Qarabağ regional bölməsi Xankəndi şəhərini, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını, Zəngilan rayonunda yerləşməsi nəzərdə tutulan Şərqi Zəngəzur regional bölməsi isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edir.