Son məlumatlara görə, Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə – Arazdəyəndə ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Bölgədə ağır sənaye zavodunun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Həmin zavodun tikilməsi həm Türkiyə, həm də Azərbaycan üçün çox böyük bir təhlükə olacaq. Hətta Ermənistan özü də bundan ziyan görəcək.
Bunu AZƏRTAC-a müsahibəsində “Səma və EKO” İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.
İ.Həsənova fikirlərinə belə davam edib: “Regionun ən böyük təhlükə mənbəyi olan Metsamor Atom Elektrik Stansiyasının bağlanması tələbi ilə bağlı dəfələrlə müzakirələr aparılıb. Həmin AES-in tullantılarının Araz çayına axıdılması balıqların zəhərlənməsinə səbəb olur. Araz çayı da Kür çayı boyuna birləşir. Araz və Kür çaylarından tutulan balıqlar süfrəmizə qədər gəlib çıxır, onların suları müxtəlif məqsədlərlə istifadə olunur. Hələ Metsamor AES-in mənfi təsirlərinə məruz qalmaqdan qurtulmadan ikinci bir zərərli müəssisənin – metallurgiya zavodunun tikilməsi təhlükəni bir az da artıracaq. Belə ki, həmin zavodun tikilməsi ilə ekoloji və qida təhlükəsizliyinə mənfi təsir daha da böyüyəcək. Bunun qarşısını almaq üçün beynəlxalq səviyyədə çağırışlar edilməlidir. Təkcə Azərbaycan deyil, Türkiyə də bu məsələdə öz sözünü deməlidir. Ekoloji təşkilatları toplayıb, bəyannamə hazırlayıb təqdim etmək lazımdır”.