Martın 29-da Üzeyir Hacıbəylinin ev-muzeyində Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, Xalq artisti, bəstəkar Sərdar Sərəcov qədim Göyçə mahalında 1821-ci ildə anadan olan Aşıq Ələsgərin çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırdığını, xalq ruhunda həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etdiyini söyləyib. O, Aşıq Ələsgərin yubileyinin ölkə hüdudlarından kənarda, UNESCO səviyyəsində keçirilməyə layiq olduğunu deyib.
Şair Qurban Hüseyn Aşıq Ələsgər işığına toplaşan tədbir iştirakçılarına təşəkkürünü bildirərək deyib ki, Uzeyir bəyin ruhu şaddır, çünki onun ocağında Aşıq Ələsgərin belə bir yubiley tədbiri keçirilir. O, çıxışı zamanı Aşıq Ələsgərin qoşmalarından nümunələr söyləyib.
Aşıq Muradın qızı Şəlalə Niyazlı çıxış edərək gənclik illərindən Aşıq Ələsgər yaradıcılığının vurğunu olduğunu, onun şeirlərini sevə-sevə oxuduğunu deyib. Bu həvəsi onda atası Aşıq Muradın yaratdığını vurğulayıb.
Aşıq Ələsgərin nəticəsi tarixçi Vaqif Həsənov çıxışında Aşıq Ələsgərin 200 illik yubileyinin geniş miqyasda keçirilməsi haqqında Sərəncama görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Tədbirin bədii hissəsində aşıq Gəncəli Babayev “Qəhrəman” və “Ovşarı” havalarını ifa edib. Balabanda onu Ələkbər Ələkbərov müşayiət edib.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 18-də Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.