Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən ADNSU-nun prorektoru dosent Ata Babayev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Aşıq Ələsgərin 200 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunduğunu vurğulayıb. O, görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib.
Tədbirdə ADNSU-nun Humanitar fənlər kafedrasının professoru Rüstəm Kamal, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı Fərid Ağayev Aşıq Ələsgər yaradıcılığında elmi motivlərdən, ustad sənətkarın şifahi xalq ədəbiyyatına töhfələrindən, türk dünyasının aşıq sənətinə təsirindən söz açıblar.
Humanitar fənlər kafedrasının müəllimi Vəfa Abbasova “Aşıq Ələsgərin yaradıcılığında gözəlliyin tərənnümü” mövzusunda çıxış edib.
Sonra tələbələr tərəfindən ədəbi-bədii kompozisiya nümayiş olunub.