Türk.az-ın məlumatına görə,Beynəlxalq Muğam Mərkəzinin dəstəyi və Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə şair,tərcüməçi,əməkdarmədəniyyət işçisi Məmməd Aslanın 80 illik yubileyinə həsr olunmuş poeziya gecəsi keçirilib. Məmməd Aslanın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Onun ümummilli lider Heydər Əliyevlə həmsöhbət olduğu fraqment tədbir iştirakçılarına göstərilib. Eyni zamanda videoçarxda İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun Məmməd Aslanla bağlı xatirələri yer alıb.
Tədbirdə çıxış edən Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov mərhum şairlə bağlı xatirələrini bölüşüb: Mən Məmməd müəllimi uşaqlıqdan tanıyıram. O, bizim ailəmizin bir üzvü olub. Kəlbəcərə çox bağlı olan biri olub. Məmməd müəllimin mənim uşaqlıq həyatımda qoyduğu izlər sonradan ictimai həyatda formalaşmağımda rol oynayan amillərdən biridir.
O həm də gözəl bir rəssam idi. Bu gün onun çəkdiyi şəkilləri xatirə kimi saxlayıram. Bu gün babamın, nənəmin istifadə etdiyim şəkillərini bir zamanlar Məmməd Aslan köçürüb. Onun xüsusi zarafatları var idi. O eyni zamanda dövlətini sevən adam idi, dövlətçilik və Vətən yolunda canını qurban verməyə hazır bir şəxs idi. Məmməd Aslana Əməkdar Mədəniyyət İşçisi fəxri adı verilib, eyni zamanda "Şöhrət" ordeni ilə təltif edilib. Onu hamımız xatirəmizdə saxlayacağıq. Daha sonra Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı "Ruhani" saz havasının müşayiəti ilə Məmməd Aslanın şeirlərini səsləndirib. Tədbir Xalq şairi Sabir Rüstəmxanlının və digər şəxslərin Məmməd Aslanla bağlı səsləndirilən fikirləri ilə davam etdirilib. Aşıqlar tərəfindən müxtəlif saz havaları ifa edilib.
Göstərdikləri dəstəyə görə Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə və kollektivinə təşəkkürümüzü bildiririk.